“Molla Pənah Vaqif” kitabının təqdimat mərasimi keçirildi

Xəbərlər

“Molla Pənah Vaqif” kitabının təqdimat mərasimi keçirildi

13 aprel 2017 08:00
Aprelin 13-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Molla Pənah Vaqif” kitabının və kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazasının təqdimatı keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Milli Kitabxana ilə birgə nəşr etdiyi kitabın müəllifi akademik Nizami Cəfərovdur. Yeni nəşr “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında hazırlanmışdır. Tədbirdə çıxış edənlər görkəmli Azərbaycan şairi M.P.Vaqifin zəngin yaradıcılığından və ona həsr olunan kitabın önəmindən söz açmışlar. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında bildirmişdir ki, Vaqif yaradıcılığı daim tədqiqat obyektinə çevrilərək, əsərləri kütləvi tirajla nəşr edilib. G. Əfəndiyeva qeyd etmişdir ki, hələ 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olub. Bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyən natiq “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamın bu qəbildən olduğunu bildirmişdir.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur