Qırğızıstanın keçmiş baş naziri Apas Jumagulov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

Xəbərlər

Qırğızıstanın keçmiş baş naziri Apas Jumagulov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

16 mart 2018 09:46
16 mart 2018-ci il tarixində 6-cı Qlobal Bakı Forumu çərçivəsində Bakıda səfərdə olan Qırğızıstanın keçmiş baş naziri Apas Jumagulov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, Fondun prezidenti Günay Əfəndiyeva ilə görüşüb. Görüşdə G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edildiyini bildirmişdir. O, rəhbərlik etdiyi qurumun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi istiqamətində fəaliyyətindən söz açıb, Fondun üzv ölkəsi olan Qırğızıstan ilə əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib. O, Qırğızıstana səfərlərlərini məmnunluqla xatırlayaraq, türkdilli ölkələr arasında mədəni əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. G.Əfəndiyeva son zamanlar Türk dövlətlərində yüksək səviyyədə keçirilən beynəlxalq miqyaslı tədbirlərin, o cümlədən Azərbaycanda Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Qırğızıstanda Dünya Köçəri Oyunları və digərlərinin tarixin, mədəni və mənəvi irsin, mədəniyyətin təbliği baxımından əhəmiyyətindən söz açıb. G.Əfəndiyeva, türkdilli xalqların ümumi tarixi köklərə sahib olduğunu diqqətə gətirərək, Fondun məqsədləri, fəaliyyət istiqamətləri və Qırğızıstan da dahil olmaqla, bütün Türk Dünyasını əhatə edən layihələr barədə qonağa məlumat verib. O, Fond tərəfindən cari il üçün həyata keçirilməsi nəzərdə tutulan layihələr arasında şöhrətli Qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 90 illiyinin qeyd olunmasının planlaşdırıldığını bildirmişdir. Apas Jumagulov, öz növbəsində Azərbaycanın son illərdə sürətli inkişafı və uğurlu xarici siyasəti ilə beynəlxalq aləmdə diqqəti cəlb etdiyini söyləyərək, V Bakı Qlobal Forumu kimi beynəlxalq tədbirlərin dünyada qarşılıqlı əməkdaşlığın inkişafına verdiyi mühüm töhfədən söz açıb. O, ulu öndər Heydər Əliyev ilə işlədiyi illərdən danışaraq, onun nadir və bənzərsiz tarixi şəxsiyyət olduğunu qeyd etmiş, onun türk dünyası, türkdilli xalqlar ilə qurduğu sıx dostluq münasibətlərindən bəhs etmişdir. A. Jumagulov həmçinin mədəniyyət sahəsində həyata keçirilən müxtəlif tədbirlərin vacibliyini də diqqətə çatdırmışdır. O, həmçinin Fondun türk dünyasına xas tarixi-mədəni irsin mühafizəsi və təbliğinə dair fəaliyyətini və gələcək perspektivlərini yüksək qiymətləndirmişdir. A. Jumagulov, Fondun fəaliyyətini bütövlükdə türk dünyasının birliyi naminə görülən işlərə töhfə kimi dəyərləndirərək, Fondun gələcək layihələrinə öz dəstəyini bildirmişdir.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur