Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdimatı keçirildi

Xəbərlər

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdimatı keçirildi

15 mart 2019 14:45
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Muzey Mərkəzinin akt zalında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim olunması üzrə təntənəli mərasim keçirilib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova mərasimi açaraq bildirib ki, Türkiyə vətəndaşları – - Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat və musiqi alətləri ustası Feridun Obul muzeyə 12 musiqi aləti – cura, tütək, Qara dəniz bölgəsinin kamançası, Qabaq Kamanı-Kırbız, qoşa-nağara, lavta, nefir, zurna, ney, sipsi və cümbüş (2 ədəd) hədiyyə ediblər. A.Bayramova qeyd edib ki, muzeyin fondunda olan altı min eksponatın arasında çoxlu hədiyyələr var. O əlavə edib: “Bu gün qardaş Türkiyə təkcə Azərbaycan musiqisinin deyil, musiqi alətləri kolleksiyamızda nümayiş etdirilən ölkələrin musiqisinin təbliğini həyata keçirən muzeyimizin kolleksiyasında layiqli yer tutacaq hədiyyələr təqdim edib”. Mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları səmimi salamlayaraq qeyd edib ki, bu yaxınlarda ölkəmizin mədəni həyatında əlamətdar hadisə baş verib – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın mədəniyyət və incəsənət xadimləri ilə görüş keçiriblər. Həmin görüşdə mədəniyyətimizin mühüm məsələləri müzakirə olunub, bir sıra təkliflər irəli sürülüb. Dövlət başçısı ölkəmizin mədəni həyatına dair bir neçə sahə üzrə dərhal müvafiq göstərişlər verib. Nazir musiqinin və musiqi alətlərinin xalqımızın mədəniyyətində mühüm yer tutduğunu vurğulayıb. O, buna misal olaraq, təkcə özünün deyil, həm də ifa edildiyi bütün alətlərin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi Azərbaycan muğamını göstərib. Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının daha bir təzahürüdür. Fondun fəaliyyətindən bəhs edən G.Əfəndiyeva qeyd edib ki, onun başlıca məqsədlərindən biri türk dünyasının mədəni irsinin, o cümlədən musiqisinin qorunub saxlanılması və dünyada təbliğidir. O, türkdilli ölkələrin mədəni irsinin daha dərindən öyrənilməsi və geniş auditoriyaya çatdırılması məqsədilə Fondun himayəsi altında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində “Türk Dünyasının Musiqi Alətləri Mərkəzi”nin yaradılmasını təklif edib. Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat öz çıxışlarında mədəniyyətin və musiqinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsində mühüm rolunu qeyd ediblər. Sonra Alla Bayramova qonaqlara təşəkkür məktubları təqdim edib. Mərasimin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblının ifasında türk xalq mahnıları və Azərbaycan muğamları səsləndirilib.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur