Günay Əfəndiyeva Azərbaycanın tanınmış animasiya rejissoru Elçin Axundovla görüşüb

Xəbərlər

Günay Əfəndiyeva Azərbaycanın tanınmış animasiya rejissoru Elçin Axundovla görüşüb

05 mart 2021 19:25
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Fondda Azərbaycanın tanınmış animasiya rejissoru Elçin Axundovla görüşüb. Görüşdə keçirilməsi planlaşdırılan müxtəlif layihələr barəsində fikir mübadiləsi aparılıb. Elçin Axundov Fondun himayəsi ilə hazırlanan genişmiqyaslı “Özün düzəlt” layihəsinin müəllifidir. Keçən il layihə çərçivəsində Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun 135 illik yubileyinə həsr olunmuş “O olmasın, bu olsun” musiqili komediyası əsasında yaradılmış interaktiv kitab təqdim olunmuşdur. Kitab oyun şəklində hazırlanmış və özündə əsərin qəhrəmanlarının kuklalarının karton kagızlardan düzəldilməsini, eləcə də xüsusi səhnənin qurulmasını nəzərdə tutur. Layihənin keçirilməsində məqsəd uşaqları Türk Dünyasının zəngin və qədim mədəni irsi ilə tanış etmək və maarifləndirməkdir. Kitablar keçən il keçirilmiş “Türk Dünyasının adət-ənənələri” adlı beynəlxalq rəsm müsabiqəsinin qaliblərinə təqdim olunmuşdur. Qeyd edilməlidir ki, Elçin Axundov Azərbaycanın əməkdar mədəniyyət işçisi, 35 animasiya filminin rejissoru, ssenari müəllifi və rəssamıdır. O, eyni zamanda uşaq ədəbiyyatı kitablarının qrafik illüstrasiyalarının müəllifidir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun binasında Elçin Axundovun müəllifi olduğu kuklalardan ibarət guşə yer alır.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur