Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş VII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub

Xəbərlər

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş VII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub

06 oktyabr 2021 16:07
Bakı Expo Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş VII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub. Sərgidə nəşriyyat evləri, mətbəələr, müxtəlif ölkələrin səfirlikləri, elm və mədəniyyət mərkəzləri ilə yanaşı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da təmsil olunmaqdadır. Sərgidə Fondun himayəsi və dəstəyi ilə müxtəlif dillərdə çap olunan kitab, kataloq, poçt markaları və çox sayda digər ədəbiyyat nümunələri ziyarətçilərə təqdim edilir. Fondun sərgilədiyi nəşrlər azərbaycan, türk, ingilis, italyan, alman, fransız, rus və ərəb dillərində nəşr edilmişdir. Oxucuların ixtiyarına verilən kitab və kataloqlarda Türk Dünyasının birlik, bərabərlik və qardaşlıq ideyaları, tanınmış şəxsiyyətləri, tarixi mədəniyyət və memarlıq abidələri, şifahi xalq ədəbiyyatı nümunələri təbliğ olunur, türk xalqlarının milli-mənəvi dəyərləri, adət-ənənələri beynəlxalq oxucu auditoriyasının diqqətinə çatdırılır. Sərgi çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasının uşaqlar üçün işlənmiş elektron kitabının təqdimat mərasimi keçiriləcəkdir.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur