“Türk Dünyasının Göy Qurşağı “ adlı kitabın təqdimat mərasimi keçirilib

Xəbərlər

“Türk Dünyasının Göy Qurşağı “ adlı kitabın təqdimat mərasimi keçirilib

24 iyun 2021 17:33
Beynalxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilat tərəfindən çap olunan türkdilli xalqların nağıllarından ibarət “ Türk Dünyasının Göy Qurşağı “ adlı kitabın təqdimat mərasimi keçirilib. Kitaba Fonda üzv və müşahidəçi dövlətlərin, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstanın, eləcə də Özbəkistan və Türkmənistanın bir-birindən maraqlı və rəngarəng nağılları daxildir. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, kitabın çap olunmasının əhəmiyyətindən bəhs edib. Türkdilli xalqların ən məşhur nağıllarının toplaşdığı kitabın adının “ Türk Dünyasının Göy Qurşağı “ olmasının təsadüf olmadığını qeyd edib. Kitabın sadəcə nağıl kitabı olmadığını vurğulayan Günay Əfəndiyeva, onun eyni zamanda türkdilli xalqların maddi-mədəni dəyərlərini də içində birləşdirdiyini bildirib. Hər bir nağılın mərhəmətə, sülhə, birliyə, elmə, biliyə səslədiyini qeyd edən Fondun prezidenti, bu kitabın eyni zamanda ata-babalarımızdan qalan zəngin adət-ənənələri özündə ehtiva etdiyini vurğulayıb. Günay Əfəndiyeva kitabın digər özəl tərəfinin balaca rəssam Məryəm Quluzadənin rəngli illisturasiyaları ilə bəzənməsi olduğunu bildirib. O, uşaqların kitabı vərəqlədikcə Məryəmin xəyal dünyasına səyahət etmək imkanı tapacaqlarını bildirib. Günay Əfəndiyeva balaca rəssamla tanışlığının ötən il Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən elan edilən “ Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” beynəlxalq rəsm müsabiqəsinə təsadüf etdiyini qeyd edib. Müxtəlif nominasiyalar üzrə çox sayda türkdilli və Avropa ölkələrindən qaliblərin olduğunu bildirən Fondun prezidenti Məryəmin həmin müsabiqədə “Novruz” və “Grand- Pri” nominasiyaları üzrə qalib olduğunu qonaqların diqqətinə çatdırıb. Daha sonra “Türk Dünyasının Göy Qurşağı” adlı kitabın əsasında Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının həmtəşkilatçılığı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 Nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin “ Çiçəyim” uşaq teatrının və “Azəri İnciləri” rəqs kollektivinin ifasında bədii hissə təqdim olunub. Uşaqlar nağılların personajlarını canlandırıb, türkdilli ölkələrin milli rəqslərini nümayiş etdiriblər. Mərasimdə türkdilli ölkələrin səfir və diplomatları, sənət adamları iştirak ediblər.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur