Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Mövlud Çavuşoğlu ilə görüşüb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Mövlud Çavuşoğlu ilə görüşüb

21 iyun 2021 17:42
“Uzun müddət sonra dünya liderlərinin, siyasətçilərin və diplomatların bir araya gəlməsində xüsusi rol oynayan Antalya Diplomatiya Forumunun təşkili ilə Türkiyə bir ilkə imza atıb.” Bu sözləri Forum çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib. Foruma dəvətə görə Türkiyənin xarici işlər nazirinə təşəkkürlərini bildirən Günay Əfəndiyeva Fondun qurucu üzv ölkəsi olan Türkiyə ilə təşkilat arasında geniş əməkdaşlıq əlaqələrinin mövcudluğuna diqqət çəkərək, bundan sonra da Fond tərəfindən türkdilli ölkələrin, eləcə də türk dünyasının ayrılmaz parçası olan Türkiyənin mədəniyyətinin, adət-ənənələrinin təbliği ilə bağlı tədbirlərin keçiriləcəyini vurğulayıb. Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsində Türkiyənin ədalətli mövqe sərgiləməsindən türkdilli beynəlxalq təşkilat rəhbəri kimi qürur duyduğunu bildirən Günay Əfəndiyeva, Fond tərəfindən türk dünyasının mədəni mərkəzlərindən biri olan Qarabağla bağlı müxtəlif layihələrin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanı Antalya Diplomatiya Forumu çərçivəsində “Barış axtarışına qadınların töhfəsi” mövzulu panel konfransındakı çıxışıyla bağlı təbrik edib. Nazir Fond tərəfindən görülən işləri yaxından izlədiyini qeyd edərək, təşkilatın türkdilli xalqları bir-birinə daha da yaxınlaşdırılması yönündə geniş fəaliyyətini yüksək qiymətləndirib. Mövlud Çavuşoğlu Fond tərəfindən türk dünyasının maddi-mədəni irsinin qorunması, beynəlxalq aləmdə tanıdılması və gənc nəsillərə ötürülməsi istiqamətində keçirilən layihə və tədbirlərə ölkəsinin dəstəyini əsirgəməyəcəyini bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur