Günay Əfəndiyeva TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclasında iştirak edib

Xəbərlər

Günay Əfəndiyeva TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclasında iştirak edib

05 aprel 2022 22:22

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bursaya rəsmi səfəri çərçivəsində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclasında iştirak edib.

Tədbirlərdə TÜRKSOY-a üzv dövlətlərin mədəniyyət nazirləri və nazir müavinləri, Türk Dövlətləri Təşkilatının, TÜRKSOY-un, TÜRKPA-nın rəhbərləri, üzv ölkələrin Ankaradakı səfirləri, Bursa şəhərinin valisi, Bursa bələdiyyəsinin sədri və digər rəsmi şəxslər iştirak ediblər.

İclasda çıxış edən Günay Əfəndiyeva deyib: “Biz Türk Əməkdaşlıq Təşkilatları olaraq bir-birimizin yanında olmağa çalışırıq və hər zaman bir-birimizə dəstək verməyə hazırıq. İndi yenidən gözəl Bursamızdayıq. Tarixi altı yüz ildən çox olan Böyük Osmanlı İmperatorluğunun ilk paytaxtı Bursanın hər daşında bu qədim və qüdrətli dövlətin möhürünü hiss edirik. Eyni zamanda, müasir Bursanın mədəni və sosial inkişafı bizi çox sevindirir. Mən hesab edirəm ki, 2022-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı ünvanı türk memarlığının sənət əsərləriylə, Zəki Mürenin, Muzeyyən Senarın mahnılarıyla, İbrahim Balabanın rəsmləriylə, adət-ənənələriylə, mətbəxi və digər mədəniyyət nümunələriylə zəngin Bursanın bənzərsizliyini ortaya çıxaracaq və burada Türk dünyasının mədəni birliyinə həsr olunmuş bir çox tədbirlər keçiriləcəkdir”.

TÜRKSOY-un fəaliyyətindən söz açan Fondun prezidenti Günay Əfəndiyeva bildirib ki, qardaş təşkilatlar arasında ilk yaranan təşkilat olan TÜRKSOY türk xalqlarının mədəni əlaqələrinin möhkəmləndirilməsi istiqamətində gördüyü mənalı işlərə görə yüksək qiymət qazanıb: “Hörmətli Düsen Kaseinovun Baş katib olduğu müddətdə təşkilat türk xalqlarının ortaq tarixi, bütövlükdə dil, ədəbiyyat, mədəniyyət və incəsənətlə bağlı bir çox mühüm işlər həyata keçirib. Fürsətdən istifadə edərək, Düsen Kaseinovu şərəfli vəzifəsini layiqincə yerinə yetirdiyinə görə ürəkdən təbrik edirəm”.

Günay Əfəndiyeva TÜRKSOY-un yeni Baş Katibi seçilməsi münasibətilə Sultanbai Raevi təbrik edib: “Uzun müddət Qırğızıstanın mədəniyyət naziri vəzifəsində çalışmış, daha sonra Türk Dövlətləri Təşkilatında baş katibin müavini olmuş, tanınmış qırğız yazıçısı Sultanbai Rayevi təbrik edirəm. İnanıram ki, Sultanbai Rayev bu vəzifəni özünəməxsus şəkildə davam etdirəcək və Türk Dünyasında əlaqələr daha da güclənəcəkdir”.

Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gənc təşkilat olmasına baxmayaraq türk xalqlarının mədəni irsinin gələcək nəsillərə ötürülməsi və beynəlxalq səviyyədə tanıdılması istiqamətində çoxtərəfli fəaliyyətini davam etdirdiyini və dünyanın müxtəlif ölkələrində konfranslar, dəyirmi masalar, sərgilər və digər tədbirlər təşkil etməklə davamlı olaraq irəlilədiyini diqqətə çatdırıb.

Fondun prezidenti 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunduğunu vurğulayıb: “Bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarı ilə ölkədə “Şuşa İli” qeyd olunur. Bu toplantının tarixi qərarlarından biri də gələn il Türk Dünyasının Paytaxtı statusunun Şuşaya verilməsidir. Biz təklif edirik ki, “Şuşa İli” ərəfəsində bu il Şuşa Günləri Bursada da keçirilsin. İnanırıq ki, insanlar təşkil olunacaq sərgilərdə, konsertlərdə və digər tədbirlərdə iştirak etməklə Şuşanın və ümumilikdə Qarabağın tarixi, ədəbiyyatı, musiqisi, incəsənəti, eləcə də 30 ilə yaxın işğala məruz qalan yaralı abidələrin taleyi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Biz bunu öz üzərimizə götürməyə hazırıq”.

İclasda Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzi olan Şuşa şəhərinin 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət Paytaxtı olaraq namizədliyini irəli sürüb. Müvafiq video təqdimatdan sonra keçirilən səsvermədə Şuşa 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib.

Toplantı çərçivəsində qəbul olunan qərara əsasən, Qırğız Respublikasının sabiq Mədəniyyət naziri, xalq yazıçısı Sultanbai Raev TÜRKSOY-un yeni Baş katibi seçilib.

İclas Türk Dünyasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində nəzərdə tutulan gələcək planların müzakirəsi ilə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur