Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir” şeirlər kitabının təqdimat mərasimi keçirilib

Xəbərlər

Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir” şeirlər kitabının təqdimat mərasimi keçirilib

31 avqust 2022 22:22

Qətərin paytaxtı Doha şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir” şeirlər kitabının təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyi və “Katara” Mədəniyyət Şəhərciyi Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Leyla Əliyeva poeziyasının dərin fəlsəfi çalarlarından, özünəməxsusluğundan söz açıb. O, “Dünya yuxutək əriyir” kitabının ərəbcə versiyasının ilk dəfə Qətərdə təqdim olunduğunu vurğulayıb. R.İsmayılov, Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” kampaniyası barədə də məlumat verib. O, qeyd edib ki, bu kampaniya çərçivəsində dünyanın bir çox ölkələrində həyata keçirilən ardıcıl və kompleks tədbirlər beynəlxalq ictimaiyyətin Xocalı həqiqətləri haqqında daha dolğun məlumatlandırılmasında önəmli rol oynamışdır.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təqdimatı keçirilən kitabın məziyyətlərindən söz açıb. Fondun prezidenti bildirib ki, Leyla Əliyeva gənc olmasına baxmayaraq, çoxşaxəli istedada malik insandır: “O, bir tərəfdən gözəl, səmimi, romantik şeirlərin müəllifi, digər tərəfdən peşəkar və istedadlı rəssamdır. Onun bir çox rəsmləri dünyanın müxtəlif ölkələrində sərgilərdə nümayiş etdirilib.”

Günay Əfəndiyeva qeyd edib ki, Leyla Əliyeva Azərbaycanın ictimai həyatında xüsusi yer tutur: “Onun qocalara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə göstərdiyi yardım və qayğı həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda yaxşı tanınır. Onun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası Azərbaycanın tarixi həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynamışdır. Bunların hamısını birləşdirsək deyə bilərik ki, o, incə bir ürəyin sahibidir və bu, onun şeirlərində, rəsm əsərlərində, eləcə də xeyirxah əməllərində də hiss olunur. Ötən il Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Leyla Əliyevanın qırğız dilində nəşr olunmuş kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının və Qırğız Respublikasının Mədəniyyət Nazirləri, digər rəsmi şəxslər və ziyalılar iştirak etdi.”

Tədbirdə Leyla Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.

Təqdimat mərasimində “Katara” Mədəniyyət Şəhərciyinin rəhbərliyi, Qətərdə akkreditə olunan bir sıra ölkələrin səfirləri və diplomatik heyəti, ölkədə fəaliyyət göstərən media nümayəndələri, eyni zamanda, Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur