“Türk dövlətlərimiz gözəl əməkdaşlıqlarla Türk birliyinin gələcəyi üçün mühüm zəmin yaradırlar”

Xəbərlər

“Türk dövlətlərimiz gözəl əməkdaşlıqlarla Türk birliyinin gələcəyi üçün mühüm zəmin yaradırlar”

28 oktyabr 2022 11:11

“Türk dövlətlərimiz gözəl əməkdaşlıqlarla Türk birliyinin gələcəyi üçün mühüm zəmin yaradırlar”.

Bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğız televiziyasına müsahibəsində deyib.

Fondun prezidenti müsahibəsində bildirib: “Bu il Fondun üzv dövlətləri diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edirlər və bu çərçivədə müxtəlif tədbirlər keçirirlər. Bir neçə gün bundan əvvəl biz Qazaxıstanın səfirliyinın təşkil etdiyi tədbirdə iştirak edirdik. Orada Azərbaycan dilində çap olunan “Qazax nəsri antologiyası” kitabının təqdimatı keçirildi. Digər tərəfdən isə bu gün Qırğız Respublikası belə gözəl bir məkanda sərgi keçirir. Bu nədir? Bu, əslində, qırğız xalqının mənəviyyatıdır. Bu qırğız xalqının adət-ənənələridir, mədəniyyətidir, tarixidir. Qırğızıstan Türk dünyasının ayrılmaz bir parçasıdır. Düşünürəm ki, həm Qırğızıstan, həm Azərbaycan və digər bizim türk dövlətlərimiz, gözəl əməkdaşlıqlarla, əlaqələrlə, bir-birini dəstəkləməklə, Türk birliyi ideologiyası çərçivəsində uğurlu siyasət aparmaqla Türk Dünyasının gələcəyi üçün mühüm zəmin yaradırlar. Biz bu birliyin hər gün şahidi oluruq”.

Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun hər üzv dövləti ilə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin inkişaf etdiyini qeyd edib : “ Qırğızıstanla Fondun gözəl münasibətləri var. Bir neçə il bundan öncə 2018-ci ildə biz Çingiz Aytmatovun Bakıda təntənəli yubileyini keçirmişdik. Orada onun “Cəmilə” povesti əsasında tamaşa göstərilmişdir və yüksək səviyyədə, nazirlərin, səfirlərin, millət vəkillərinin iştirakı ilə gözəl bir gecə təşkil olunmuşdur. İndi isə növbəti lahiyələrimizdən biri qədim “Manas”ın tədqiqidir və bir neçə gündən sonra bu kitab həm Azərbaycan, həm də Qırğız dilində işıq üzü görəcəkdir. Azərbaycanın tanınmış ədəbiyyatşünası, qırğız tarixini, qırğız ədəbiyyatını çox gözəl bilən alim Adil Cəmil bu kitabı bizimlə birlikdə hazırlayır və fikrimcə, çox yaxın zamanda həm Qırğızıstanda, həm Azərbaycanda, həm də digər dövlətlərimizdə biz bu kitabı təqdim edəcəyik. Layihələr çoxdur və biz onları çox böyük ruh yüksəkliyi ilə həyata keçiririk.”

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur