Günay Əfəndiyeva Litvaya səfəri çərçivəsində Trakai şəhərini ziyarət edib

Xəbərlər

Günay Əfəndiyeva Litvaya səfəri çərçivəsində Trakai şəhərini ziyarət edib

06 mart 2023 21:00
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litvaya səfəri çərçivəsində Trakai şəhərini ziyarət edib və orada əsrlər boyu yaşayan Litva karaimlərinin nümayəndələri ilə görüşüb. Görüşdə karaimlərin tarixi və mədəni irsinin tanıdılması yönündə Fond tərəfindən Litva Respublikası ilə əməkdaşlıq çərçivəsində ölkə rəsmilərinin və icmanın təmsilçilərinin iştirakları ilə təşkil olunan silsilə tədbirlərdən bəhs edilib. Fondun prezidenti Günay Əfəndiyeva Litva karaimlərinin tanınmış nümayəndəsi, diplomat, tərcüməçi Halina Kobeckaiteyə türk xalqlarının bir-birinə daha da yaxınlaşmasında göstərdiyi xüsusi xidmətlərə görə təşkilatın təsis etdiyi “Dədə Qorqud” mükafatını təqdim edib. Eyni zamanda Günay Əfəndiyeva Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyində tatar icmasının nümayəndələri ilə təşkil olunmuş görüşdə iştirak edib. Görüşdə Litva tatarlarının dili, dini, folkloru, adət-ənənələrinə dair geniş fikir mübadilələri aparılıb, milli musiqiləri, mahnıları, mətbəx nümunələri nümayiş etdirilib. Həmçinin, səfirlikdə çoxəsrlik türk xalqlarının milli-mənəvi dəyərlərini əks etdirən, qədim tarixə malik Novruz bayram süfrəsi açılıb, milli şirniyyatlar təqdim olunub. Fondun prezidenti Şuşa şəhərinin 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevə Fondun Şuşanın simvollarını əks etdirən xatirə hədiyyəsini təqdim edib. Görüşlərdə Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Egidius Navikas iştirak edib.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur