Günay Əfəndiyeva Ümummilli Lideri Heydər Əliyevin yubileyi münasibətilə Naxçıvan şəhərinə səfər edib

Xəbərlər

Günay Əfəndiyeva Ümummilli Lideri Heydər Əliyevin yubileyi münasibətilə Naxçıvan şəhərinə səfər edib

10 may 2023 17:58
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Naxçıvan şəhərinə səfər edib. Tədbirdə Azərbaycanda akkreditə olunmuş, iqamətgahı Bakıda və Ankarada yerləşən diplomatik korpusun nümayəndələri, eləcə də hərbi attaşelər iştirak ediblər. Səfər Ulu Öndərin Naxçıvan şəhərinin mərkəzindəki abidəsinin ziyarət olunması ilə başlayıb. Sonra şəhərdə yerləşən Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlara baxış keçirilib. Muzeydə Ulu Öndərin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid sənəd və materiallar, imzaladığı məktub, qərar, sərəncam və müqavilələrin surətləri nümayiş olunur. Muzeyin kitabxanasında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar, film və qəzet materialları sərgilənir. Daha sonra “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyatına və siyasi fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin simfonik orkestri konsert proqramı ilə çıxış edib.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur