Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb

Xəbərlər

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb

07 iyun 2023 08:36
Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb. Festival Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Festivalın həmtəşkilatçılarından biri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondudur. Sərgidə Fond tərəfindən hazırlanan xüsusi stenddə təşkilatın nəşrləri təqdim edilir. Tədbirin açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı, Türk Əməkdaşlıq Təşkilatlarının nümayəndələri, festivalın rəhbəri, şair Xəyal Rza çıxış ediblər. Mərasimdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə meneceri Mirbek Karıbayev hər il keçirilən festivalın ənənəyə çevrilməsinin önəmindən bəhs edib: “Bu ilki festival Azərbaycanın dahi lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğu üçün xüsusilə əlamətdardır. Festival mütaliəyə marağın artırılması, türk xalqlarının ədəbiyyatının təbliği baxımından vacib önəm daşıyır. Türk xalqlarının çoxəsrlik mədəniyyətini, irsini qoruyub saxlamaq, dünyada tanıtmaq və gələcək nəsillərə çatdırmaq Fondun əsas məqsədlərindəndir. Ona görə də Fondumuzun bugünkü festivalın təşkilatçılarından biri kimi çıxış etməsi təbiidir”. Festival çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstana həsr olunan günlərdə Fond tərəfindən müxtəlif proqramlar hazırlanıb. Belə ki, festivalda “Saqınbaydın Manası” kitabı, Süleyman Çələbinin “Mövlud” əsəri oxuculara təqdim olunacaq. Həmçinin “Abay Kunanbayevin həyat və yaradıcılığı”, “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” , “Əlişir Nəvai inciləri”, “Mikloş Radnotinin şeir gecəsi” adlı tədbirlər təşkil olunacaq. Eyni zamanda Fondun dəstəyi ilə Çingiz Aytmatovun 95 illik yubileyi münasibəti ilə Bakı Bələdiyyə Teatrı tərəfindən hazırlanan “Ana tarla” əsərindən parçalar tamaşaçılara nümayiş etdiriləcəkdir.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur