Qırğızıstanın paytaxtı Bişkek şəhərində görkəmli qırğız şairi Alıkul Osmonovun ev muzeyinin təntənəli açılış mərasimi keçirilib

Xəbərlər

Qırğızıstanın paytaxtı Bişkek şəhərində görkəmli qırğız şairi Alıkul Osmonovun ev muzeyinin təntənəli açılış mərasimi keçirilib

04 noyabr 2024 10:42

Qırğızıstanın paytaxtı Bişkek şəhərində görkəmli qırğız şairi Alıkul Osmonovun ev muzeyinin təntənəli açılış mərasimi keçirilib. Ev muzeyinin bərpası və muzeyləşdirilməsi ilə bağlı layihənin icrası Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Bişkek şəhər icra hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
 
Açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Bişkek şəhərinin icra hakimi Aybek Cunuşəliyev, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti nazirinin birinci müavini Çingiz Esengul uulu və Qırğız Respublikasının Xarici İşlər Nazirinin müavini Aybek Moldoqaziyev iştirak ediblər.
 
Layihə Türk Dövlətləri Təşkilatının 3 noyabr 2023-cü il tarixində Qazaxıstan Respublikasının Astana şəhərində keçirilmiş Sammitinin Bəyannaməsinin icrası çərçivəsində həyata keçirilib. Qeyd edək ki, bu, Fondun mədəni mübadilə və türk xalqlarının irsinin qorunmasına aid icra etdiyi ilk layihələrdən biridir.
 
Həmçinin Fond tərəfindən Adil Cəmilin tərcümə etdiyi Qırğız və Azərbaycan dillərində Alıkul Osmonovun "Zamandan zamana" şeirlər toplusu da nəşr olunub. Bu kitab Fondun təsis etdiyi "Türk ədəbiyyatının inciləri" kitab seriyasında ilk nəşrdir.
 
Ev muzeyinin bərpası və müasir avadanlıqlarla təhciz edilməsi nəticəsində ziyarətçilər görkəmli qırğız şairi Alıkul Osmonovun yaşadığı dövrün ab-havasını özündə əks etdirən mədəni mühitlə tanış ola biləcəklər.
 
Yenidən qurulan ev muzeyi həm Qırğız Respublikasında, həm də xaricdə Alıkul Osmonovun yaradıcılığının öyrənilməsinə və tanıdılmasına töhfə verən mühüm mədəniyyət mərkəzinə çevriləcək.
 

Copyright © 2015 - 2025 itchf Azərbaycan. Bütün hüquqlar qorunur