Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib

27 may 2024 16:00

27 may 2024-cü il tarixində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Bakıda Nizami Kino Mərkəzində 28 May Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş “Qarabağın cizgiləri” adlı sərginin açılışı və “Şuşanın tək incisi” adlı sənədli filmin təqdimatı keçirilib. 

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Cizgi” brendininyaradıcısı, dizayner Gülnarə Xəlilovanın hazırladığı, üzərində Qarabağ bölgəsindən olan görkəmli şəxsiyyətlərin portretlərinin işləndiyi ipək yaylıqlardan ibarət sərgi tamaşaçılar tərəfindənmaraqla qarşılanıb.

Həmçinin, gecədə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış XIX əsr Azərbaycanın görkəmli şairəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvana həsr olunmuş “Şuşanın tək incisi” adlı sənədli film nümayiş olunub. Film layihəsi Fond tərəfindən XurşidbanuNatəvanın 190 illiyinin qeyd olunması və Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar 2023-cü ildə hazırlanıb, dünyanın müxtəlif ölkələrində nümayiş olunub. Filmin ideya müəllifi, Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti Günay Əfəndiyeva, ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Zəhra Quliyevadır.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova təşkilat tərəfindən Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş layihələrin əhəmiyyətini qeyd edib. O, sözügedən layihələrin həyata keçirilməsininAzərbaycanın tarixinin, mədəni irsinin qorunub saxlanılmasına, milli dəyərlərinin təbliğinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, millətvəkilləri, mədəniyyət və incəsənət xadimləri, KİV təmsilçiləri, eləcə də Bakıdakı müxtəlif təhsil ocaqlarının tələbələri iştirak ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur