Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türkiyə Respublikasının birinci xanımı Emine Erdoğan ilə görüşüb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türkiyə Respublikasının birinci xanımı Emine Erdoğan ilə görüşüb

02 mart 2023 14:30

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatiya Forumu çərçivəsində Türkiyə Respublikasının birinci xanımı Emine Erdoğan ilə görüşüb.

Görüşdə Aktotı Raimkulova Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğanın himayəsi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə keçirilən Antalya Diplomatiya Forumunun (ADF) müasir dövrün yeni reallıqları və çağırışları fonunda diplomatiyanın ön plana çıxarılmasında mühüm rolunu vurğulayıb.

Eyni zamanda Aktotı Raimkulova ADF çərçivəsində Emine Erdoğanın himayəsi ilə təşkil olunan “Qadın, Sülh və Təhlükəsizlik üzrə Yüksək Səviyyəli Sessiya” adlı önəmli proqrama görə Türkiyə Respublikasının birinci xanımına ehtiramını və təşəkkürünü ifadə edib. O, panelin mötəbər şəkildə təşkilini diplomatiyada, böhranların həllində və sülh quruculuğunda qadınların rolunun vurğulanmasına önəmli töhfə kimi qiymətləndirib.

Aktotı Raimkulova Fondun Türk Dünyasının zəngin irsinin yaşadılması və tanıdılması yönündə ümumi fəaliyyətindən, eləcə də qurucu üzv ölkəsi Türkiyə Respublikası ilə qarşılıqlı əməkdaşlıq əlaqələrindən bəhs edib. O, Fond tərəfindən Türkiyənin çoxəsrlik mədəniyyətinin qorunması və nəsillərə ötürülməsi istiqamətində planlaşdırılan gələcək layihələri, eləcə də Türk ölkələrinin maddi-mədəni irsinin mühafizəsi məqsədilə hazırlanan “Türk Mədəni İrsinin qorunması haqqında” Konvensiyanın icrası üzərində aparılan işləri diqqətə çatdırıb. Aktotı Raimkulova Fond tərəfindən Konvensiyanın hazırlanmasına Türk dövlətlərinin irs sahəsi üzrə ekspertlərinin, eləcə də dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğunu vurğulayıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur