Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubiley mərasimində iştirak edib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubiley mərasimində iştirak edib

14 iyul 2024 15:40

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Beynəlxalq Muğam Mərkəzində keçirilən Azərbaycan Yazıçılar Birliyinin (AYB) 90 illiyinə həsr olunan ədəbi-bədii gecədə iştirak edib.
Tədbirin açılışında AYB-nin sədri, Xalq yazıçısı Anar, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Xalq yazıçısı Çingiz Abdullayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, TÜRKSOY-un sabiq Baş katibi Düsen Kaseinov və başqaları çıxış ediblər.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq, Yazıçılar Birliyinin sədri və üzvlərini təşkilatın 90 illik yubileyi münasibəti ilə təbrik edib. A.Raimkulova çıxışında Fondun struktur və məqsədlərindən, Türk dünyasının dahi şəxsiyyətlərinin zəngin irsinin beynəlxalq aləmdə təbliği yönündə təşkilatın genişmiqyaslı fəaliyyətindən bəhs edib. O, təşkilatın Türk irsinin təbliği ilə bağlı nəşr layihələrinə dəstək verməyə davam etdiyini vurğulayıb: “Türk dünyasının dahi şairi Məhəmməd Füzulinin 530 illik yubileyi çərçivəsində bu il Fond tərəfindən "Heydər Əliyev və Məhəmməd Füzuli" adlı yeni kitab işıq üzü görüb. Həmçinin, görkəmli qırğız şairi Alıkul Osmonovun 110 illik yubileyi münasibətilə Fond ədibin Qırğız və Azərbaycan dillərində "Zamandan zamana" adlı şeirlər kitabını yayımlayıb. Təşkilat hazırda türkmən şairi Məhtimqulu Fəraqinin 300 illik yubileyi ilə əlaqədar görkəmli ədibin şeirlər kitabı üzərində işləyir və eyni zamanda XX əsr Azərbaycan ədəbiyyatının klassiki Mir Cəlalın “Nizami Gəncəvi dünyası” kitabını çapa hazırlayır”.
Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Yazıçılar Birliyinin mövcud əməkdaşlıq münasibətlərinin yüksələn xəttlə inkişaf etdiyini qeyd edərək, təşkilatın Türk dünyasının mədəni irsinin və ədəbiyyatının dünyada tanıdılması istiqamətində işbirliyinə daim açıq olduğunu diqqətə çatdırıb.
Daha sonra Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə tədbirdə "Turan" etno-folklor qrupunun üzvü Serik Nurmoldayev və gənc ifaçı Adnan Əmirli dombrada Türk xalqlarının musiqisini ifa ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur