Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyə Respublikasının mədəniyyət və turizm naziri ilə görüşüb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyə Respublikasının mədəniyyət və turizm naziri ilə görüşüb

18 yanvar 2024 11:22

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Ankaraya rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə görüşüb.

Görüşdə müasir dövrdə ortaq köklərə, mədəniyyətə sahib Türk xalqlarının maddi-mənəvi dəyərlərinin daha geniş şəkildə tədqiqinin, qorunmasının və tanıdılmasının vacibliyindən söz açılıb. Fondun qurucu üzv ölkəsi olan Türkiyə Respublikasında mədəni irsin araşdırılması, arxeoloji qazıntı və bərpa işləri sahəsində aparılan işlərdən bəhs olunub. Sözügedən istiqamətlərdə Türk dövlətlərində mütəxəssislərin yetişdirilməsinin, onlar arasında fikir və təcrübə mübadiləsi üçün imkanların yaradılmasının önəmi vurğulanıb.

Eyni zamanda görüşdə Fond ilə Türkiyə Respublikası arasındakı qarşılıqlı fəaliyyətlərin möhkəmləndirilməsinin və inkişafının əhəmiyyəti qeyd olunub. Fond tərəfindən “Türk Dünyasının Mədəni İrsi Haqqında” Konvensiyasının hazırlanması yüksək qiymətləndirilib. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatın layihələrinə tam dəstəyi ifadə olunub.

Görüş Fond ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında gələcək tərəfdaşlığa və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələrlə yekunlaşıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur