Əziz dostlar! 

Bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu "Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri" müsabiqəsinə balaca dostlarımızın göndərdiyi rəsmlərin əsasında xüsusi yaradılmış onlayn qalereyasını açıq elan edir.

Bu layihənin ideyası dünyamızın gözlənilmədən ciddi və təhlükəli vəziyyətlə üzləşdiyi vaxtda, insan həyatına təhdid edilən bir zamanda yarandı.

Müsabiqənin məqsədi yaşadığımız çətin günlərdə mədəniyyət və incəsənətin, bilik əldə etməyin həyatımızda nə qədər mühüm amil olduğunu göstərməkdir.

Mən çox şadam ki, yaranmış vəziyyətə baxmayaraq, uşaqlarımız boş vaxtlarını düzgün təşkil edə bildilər və türk dünyası irsinin çoxyönlü olduğunu əks etdirən şəkilləri müsabiqəyə göndərdilər.

Fonda üzv və müşahidəçi ölkələrdən, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanla yanaşı Türkmənistan, Bolqarıstan və Ukraynadan 600 – dən çox məktəbli bu yarışmaya qoşulmuşdur. Onlar öz rəngarəng əsərlərində türk dünyası mədəniyyətinin geniş miqyasını göstərməyi bacardılar.

Rəsmlər türk xalqlarının zəngin mənəvi dünyasını: ayinləri, mərasimləri, adət-ənənələri, oyunlarımızı, musiqimizi nümayiş etdirir. Şəkillərdə qədim türk dastanlarından parçalar, folklorumuzun ölməz qəhrəmanları da əks olunmuşdur.

Eyni zamanda fərəhli cəhətdir ki, uşaqlar ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini anlayaraq, öz işlərində bunu ifadə etməyə çalışmışlar.

Bu layihə həmçinin uşaqlarımızın böyük yaradıcılıq potensialını göstərdi. Mən inanıram ki, müsabiqədə iştirak edən hər bir uşaq gələcəkdə bu potensialı tam şəkildə həyata keçirə biləcək və cəmiyyətdə öz layiqli yerini tutacaqdır.

Əziz uşaqlar, gəlin dünyamızı öz bacarığımızla, savadımızla və köklərimizə, tariximizə, mədəniyyətimizə, irsimizə sədaqətimizlə qoruyaq!

Qarşıda sizi böyük və maraqlı bir həyat gözləyir. Sizə can sağlığı və xoşbəxtlik diləyirəm!

Ən gözəl arzularla,

Günay Əfəndiyeva
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti

 

Onlayn qalereya