“Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığın rolu” mövzusunda Ombudsmanların XIII Bakı Beynəlxalq Konfrans keçirildi...
Xəbərlər
“Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığın rolu” mövzusunda Ombudsmanların XIII Bakı Beynəlxalq Konfrans keçirildi
Noyabrın 12-də Ombudsman UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-nin və UNESCO-nun 70 illiyinə həsr olunan “Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu” mövzusunda Ombudsmanların XIII Bakı Beynəlxalq Konfransını keçirmişdir. Toplantıda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, millət vəkilləri, nazirlər və komitə sədrləri, dövlət qurumlarının, səfirliklərin, belnəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri iştirak etmişlər. Konfransa, həmçinin Avropa, Asiya və Afrika ölkələrindən - Avstriya, Sloveniya, Xorvatiya, Rumıniya, Türkiyə, Misir, Pakistan, Namibiya, Rusiya Federasiyasının subyekti olan Saratov vilayəti, habelə Moldova, Özbəkistan, Qazaxıstandan gələn ombudsmanlar, onların nümayəndələri, insan hüquqları üzrə beynəlxalq ekspertlər, tanınmış hüquqşünas alimlər qatılmışlar. Konfransda Azərbaycan Ombudsmanının əhalinin müxtəlif qruplarının, o cümlədən mədəni hüquqların müdafiəsi və təmini istiqamətində səmərəli çalışdığı diqqətə çatdırılmışdır. Azərbaycan dövlətinin demokratik prinsiplərinin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının daha inkişaf etdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdiyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasında ümumbəşəri dəyərlər və ənənəvi hüquqi dövlət ideyaları ilə yanaşı, bu ideyaların müasir inkişaf meylləri nəzərə alınmışdır. Bildirilmişdir ki, Konstitusiyanın bir fəsli bütünlüklə əsas insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunub. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Ombudsmanının əhalinin müxtəlif qruplarının, o cümlədən mədəni hüquqların müdafiəsi və təmini istiqamətində səmərəli çalışdığını diqqətə çatdırmışdır. Bir sıra beynəlxalq qurumların, habelə UNESCO, ISESCO, TÜRKSOY və təmsil etdiyi təşkilatın insan hüquqları, xüsusilə mədəni hüquqların təmin olunması istiqamətində fəaliyyət göstərdiyini bildirmişdir. O, mədəni irsin qorunması və bəşəriyyətin gələcəyi naminə insan hüquqları sahəsində fəaliyyət göstərən bütün beynəlxalq təşkilatları əməkdaşlığa dəvət etmişdir. Beynəlxalq konfransın yekununda yekdilliklə Bakı Bəyannaməsi qəbul edilmişdir.