Prezident
Katiblik
Raimkulova Aktotı Rahmetulla qızı
Bəstəkar, sənətşünaslıq üzrə elmlər doktoru, dövlət idarəçiliyi və beynəlxalq inkişaf üzrə elmlər doktoru, fəlsəfə üzrə elmlər doktoru, Qazaxıstan Prezidenti yanında Ali Attestasiya Komissiyasının professoru, Qazaxıstan Respublikası Elmlər Akademiyasının fəxri üzvü, Qazaxıstanın Əməkdar xadimi
Raimkulova Aktotı Rahmetulla qızı 2 may 1964-cü ildə Alma-Ata şəhərində anadan olub. Atası Raimkulov Rahmetulla yazıçı, anası Raimkulova-Şaşkina Makiza Dairbay qızı filoloqdur.
1987-ci ildə Kurmanqazi adına Qazax Milli Konservatoriyasının Tarix nəzəriyyəsi fakültəsini “Bəstəkarlıq” və “Fortepiano” ixtisasları üzrə bitirib. 1994-cü ildə Kurmanqazi adına Qazax Milli Konservatoriyasında “Bəstəkarlıq” ixtisası üzrə assistent təcrübə keçib. 2006-cı ildə Beynəlxalq Biznes Akademiyasında MBA dərəcəsi alıb. 2010-cu ildə Rusiya Federasiyasının Prezidenti yanında Milli İqtisadiyyat və Dövlət İdarəçiliyi Akademiyasını dövlət idarəçiliyi və beynəlxalq inkişaf üzrə doktorluq dərəcəsi ilə bitirib. 2018-ci ildə Bolqarıstanın Panço Vladigerov adına Milli Musiqi Akademiyasında “İncəsənət elmləri doktoru” mövzusu üzrə doktorluq dissertasiyası müdafiə edib.
Aktotı Raimkulova bəstəkar, sənətşünaslıq üzrə elmlər doktoru, dövlət idarəçiliyi və beynəlxalq inkişaf üzrə elmlər doktoru, fəlsəfə üzrə elmlər doktoru, Qazaxıstan Prezidenti yanında Ali Attestasiya Komissiyasının professoru, Qazaxıstan Respublikası Elmlər Akademiyasının fəxri üzvü, Qazaxıstanın Əməkdar Xadimidir.
1988-ci ildən Kurmanqazı adına Qazax Milli Konservatoriyasında konsertmeyster və müəllim kimi çalışıb.
2001-ci ildən – Kurmanqazı adına Qazax Milli Konservatoriyasının prorektoru və kafedra müdiri vəzifəsində çalışmışdır.
2014-cü ildən Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyində Mədəniyyət və incəsənət şöbəsinin müdiri, 3 oktyabr 2016-cı ildən Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirinin müavini, 2019-2022-ci illərdə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Naziri vəzifəsində çalışmışdır.
6 aprel 2022-ci il tarixindən Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyinin Mədəniyyət Komitəsinin Roza Baqlanova adına “Qazaxkonsert” Dövlət Konsert Təşkilatının direktoru vəzifəsində çalışıb.
3 noyabr 2023-cü il tarixində Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının X Zirvə toplantısında Türk dövlətlərinin dövlət başçılarının qərarı ilə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunub.
Aktotı Raimkulova 2010-cu ildə “Qazaxıstanın Əməkdar xadimi” fəxri adı ilə təltif olunub. “Kurmet” dövlət ordeni (2018), “Qazaxıstan Xalq Assambleyasının 20 illiyi” (2015), “Qazaxıstan Respublikasının Müstəqilliyinin 25 illiyi” (2016), “Astana - 20 il” (2018), “Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyi” (2021) və digər medallara layiq görülüb.
Aktotı Raimkulova 25-dən çox çap olunmuş elmi əsərin, monoqrafiyanın, “Aspankoşi” (“Аспанкөші”), “Zamanın səsləri” ("Sounds of time"), "Kozı-korpeş - Bayan-Sulu" (“Қозы Көрпеш - Баян Сұлу”) baletlərinin musiqilərinin, “Dala sırı” (“Дала сыры”), “Tolgau” (“Толғау”), “Cəmilə” (“Жәмиля”), “Tarlan” (“Тарлан”), “Asar” (“Асар”) vokal-simfonik kontatalarının, “Ejelgi Turan” (“Ежелгі Туран”) simfoniettasının, 20-dən çox dram tamaşasının musiqisinin, Qazaxıstan və Türkiyənin birgə layihəsi olan “Astana - mənim məhəbbətim” (“Astana-махаббатым менің”) teleserialının, “Mələyə məktublar” (“Періштеге хаттар”) və digər animasiya filmlərinin saundtreklərinin, 300-dən çox musiqi əsərinin, eləcə də KİV-də bir sıra məqalələrin müəllifidir.