Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Mədəniyyət Nazirlərinin görüşü keçirildi

Xəbərlər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Mədəniyyət Nazirlərinin görüşü keçirildi

20 may 2015 14:24
Görüşdə türkdilli dövlətlərarası beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da təmsil olunmuşdur. Görüş türk dünyasında ortaq mədəni irsin araşdırılması və təbliği, dünyada tanıtımı və gələcək nəsillərə ötürülməsi baxımından olduqca məhsuldar müzakirələrlə yadda qalmışdır. TürkPA-nın baş katibinin müavini Kürşad Melih Sarıarslanın sədrliyi ilə keçirilən iclas çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edib. Günay Əfəndiyeva öz çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Çıxışına Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Ankaraya işgüzar səfəri barədə danışmaqla başlayan Fondun prezidenti diqqətə çatdırıb ki, Azərbaycanın dövlət başçısının acı bir gündə Türkiyə xalqının yanında olması bütün türk dünyasında iftixarla qarşılanıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qarşıda duran vəzifələrindən bəhs edən Günay Əfəndiyeva diqqətə çatdırıb ki, rəhbərlik etdiyi qurum Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin tarixi irsinin qorunması və gələcək nəsillərə çatdırılması məsələsində bütün tərəflərin maraqlarını özündə əks etdirən layihələr həyata keçirəcək, o cümlədən türk xalqlarına aid maddi və qeyri-maddi irsə dair problemləri araşdırmaqla gələcək fəaliyyətinin vacib elementlərini müəyyən edəcək. Günay Əfəndiyeva Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə təkcə Azərbaycanda deyil, müxtəlif xarici ölkələrdə də mədəni irsin qorunmasına dair həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, torpaqlarımızın iyirmi faizinin işğal altında saxlanması səbəbindən Dağlıq Qarabağda və ona bitişik ərazilərdə Azərbaycanın qədim mədəniyyətinın soyqırımına məruz qaldığını deyib. Bildirib ki, mədəni və dini abidələr, o cümlədən əlyazmalar, külli miqdarda digər tarixi vəsait məqsədli şəkildə məhv edilib. TürkPA-nın baş katibinin müavini K.Sarıarslan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi bir təşkilatın fəaliyyətə başlamasının əhəmiyyətini yüksək dəyərləndirib. Fondun təsis edilməsinin önəmindən söhbət açan digər çıxışçılar da qeyd ediblər ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında həyata keçirilən birgə layihələr, o cümlədən ortaq televiziya kanalı və xəbər agentliyinin qurulmasına dair müzakirələr, elm və təhsil, idman, turizm və digər sahələrdəki əməkdaşlıq mühüm nəticələr verməkdədir. Əminliklə qeyd olunub ki, gələcəkdə yeni-yeni ortaq layihələr əsasında daha əhəmiyyətli uğurlar qazanılacaq. İclas mədəni irsin qorunması və inkişaf etdirilməsi ilə bağlı ortaq qanunvericiliyə dair işçi qrupda təmsil olunan nümayəndələrin, həmçinin TDƏŞ və TÜRKSOY təmsilçilərinin çıxışları ilə davam edib.    
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur