Ankarada “2016-cı il Heydər Əliyev İli”nin təntənəli açılış mərasimi keçirildi
Xəbərlər
Ankarada “2016-cı il Heydər Əliyev İli”nin təntənəli açılış mərasimi keçirildi
17 mart 2016
21:29
Türk Dünyası Mühəndislər və Memarlar Birliyi (TDMMB) 2016-cı ili Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə ehtiram əlaməti olaraq “Heydər Əliyev ili” elan etmişdir. Bu münasibətlə Ankarada təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli mənəvi dəyərlərinin qorunması və tanıdılması, görkəmli şəxsiyyətlərinin təbliği sahəsində, türk dünyasının birliyi və inkişafı naminə həyata keçirdiyi tarixi missiya barədə ətraflı məlumat verən Günay Əfəndiyeva diqqətə çatdırıb ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda və ölkə xaricində maddi və qeyri-maddi irsin qorunmasına dair həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Günay Əfəndiyeva təəssüflə bildirib ki, təcavüzkar Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ və işğal altında olan digər ərazilərimizdə mədəni irs tamamilə məhv edilib. Günay Əfəndiyeva öz çıxışında tədbir iştirakçılarına Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətində nəzərdə tutulan layihələr barədə də ətraflı məlumat verib.
Rəsmi mərasimdən sonra iştirakçılar TDMMB-in layihələrindən ibarət sərgi ilə tanış olublar. Sonra Türk Dünyası Mühəndislər və Memarlar Birliyi adından Fatma Güldemet Sarıya, Günay Əfəndiyevaya və başqalarına diplomlar təqdim olunub. Günay Əfəndiyeva öz növbəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun hədiyyəsini Fatma Güldemet Sarıya təqdim edib.