“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” kitabı nəşr olundu

Xəbərlər

“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” kitabı nəşr olundu

06 iyun 2016 21:07
AMEA-nın İnsan Hüquqları İnstitutu ilə birgə “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” kitabının hazırlanmışdır. Kitabda Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonunun işğalı nəticəsində Azərbaycanın dağıdılmış və məhv edilmiş abidələrinin bugünkü taleyi, heç yerdə yayınlanmamış dağıntıdan öncəki və sonrakı fotoşəkilləri, Azərbaycana bu abidələrin məhv edilməsiylə dəymiş maddi və mənəvi zərərin həcmi barədə məlumatlar daxil edilmişdir. Fond tərəfindən nəşr etdirilən bu kitab vasitəsilə işğal altında olan torpaqlarımızda yerləşən və erməni vandalizminə məruz qalaraq, yox olmaq təhlükəsilə üzləşən maaddi mədəniyyət abidələrimizlə bağlı faktları ingilis dilli auditoriyanın da diqqətinə çatdırmaq nəzərdə tutulur. Bu səbəbdən kitab iki dildə dərc olunmuşdur. Kitabda Fondun prezidenti Günay Əfəndiyevanın oxuculara müraciəti yer almışdır Tarixi-mədəni irsimizi qoruyaq! Əziz oxucu! Qarşınızdakı “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” kitabı, sadəcə, Azərbaycan xalqının qədim tarixini və mədəniyyətini əks etdirmir, o həm də məhv edilmiş və hazırda məhv edilməkdə olan abidələrimizin həyəcan səsi, harayıdır. Kitabı vərəqlədikcə Ermənistan işğalı altında olan Qarabağda minlərlə abidələrimizin dağıdıldığını, bir çoxlarının erməniləşdirilərək mənimsənildiyini görmək, əlbəttə, bizim hər birimizin qəlbini ağrıdır. Buna görə də biz öz sözümüzü, ədalətli mövqeyimizi hər zaman dilə gətirməklə, erməni saxtakarlığını dünya miqyasında elmi əsaslar və əyani sübutlarla ifşa etməyə, onların iç üzünü açmağa çalışmalıyıq. Bu baxımdan, “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” kitabı çox əhəmiyyətli nəşrdir. Burada bizim milli abidələrimiz haqqında informasiya verilməklə yanaşı, həmçinin o abidələrin bugünkü taleyi göstərilir, onların məhv edilməsiylə dəymiş maddi və mənəvi zərərin həcmi barədə də məlumat verilir. Kitabda ən diqqət çəkən məqamlardan biri, heç şübhəsiz, erməni vandalizminin bir qolu olan “erməni oğurluğu”nun ifşa olunmasıdır. Ermənilər tərəfindən başqa xalqlara məxsus maddi və mənəvi dəyərlərin mənimsənilməsi, əslində, heç də yeni tendensiya deyil. Ancaq abidələr üzərindəki orijinal yazıların silinməsi, onun əvəzinə ermənicə yazıların əlavə olunması, torpağa bastırılan saxta erməni abidələri sadəcə mənimsəmə yox, həm də yalnız Azərbaycana deyil, bütün dünya mədəniyyətinə təcavüzdür. Əlbəttə, ermənilərin mənəvi dəyərlərlə bağlı saxtakarlığı gec-tez ifşa olunacaq və haqq-ədalət öz yerini tutacaq, ancaq maddi abidələrimizə vurulan zərər qalıcıdır. Qədim Alban mədəniyyətinə məxsus abidələrimiz bu cür yollarla şikəst edilməkdədir, İslam abidələrinin əksəriyyəti isə tamamən məhv edilmişdir. Kitabda bu məsələlər faktlarla geniş işıqlandırılmışdır. Azərbaycan xalqının maddi-mədəni abidələri haqqında indiyədək müxtəlif əsərlər yazılsa, kitablar nəşr olunsa da, bu günə qədər işğal olunmuş torpaqlarımızdakı abidələri bu şəkildə əks etdirən araşdırma işıq üzü görməmişdir. Buna görə də, məncə, bu tədqiqat gələcək araşdırmaçılara bu sahədə daha geniş tədqiqatlar aparmaq üçün bir stimul ola bilər . Türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, öyrənilməsi və təşviq edilməsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun məqsədlərindən biridir. İşğal olunmuş ərazilərimizdəki mədəni miras barədə həqiqətləri ortaya çıxaran kitabın nəşri Fondun əsas fəaliyyət istiqamətləri üçün səciyyəvidir. Eyni zamanda, Dağlıq Qarabağ və ətrafındakı yeddi rayona məxsus tarixi-mədəni irsin bütün Türk dünyası üçün ölçülməz xəzinə olduğunu qeyd etmək də vacibdir, çünki bu irsin hər bir parçası özündə türkdilli xalqlara xas xarakterik xüsusiyyətlər daşıyır. Müxtəlif abidələrin, incəsənət nümunələrinin, sənət əsərlərinin, əlyazmaların, bir sözlə bu zəngin xəzinənin məhvi və mənimsənilməsi Türk mədəniyyəti və irsinə, ümumiyyətlə, bəşəri mədəniyyətə vurulmuş ciddi zərərdir. Ona görə də bu kitab dünya mədəniyyətində xüsusi yerə malik Türk dünyası mədəni irsinin qorunması baxımından olduqca aktual əhəmiyyət daşıyır. Mən kitabın hazırlanmasında əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Həqiqətin bərqərar olunması naminə görülən hər bir iş yalnız dövlət və xalq tərəfindən qiymətləndirilmir, bu tarix baxımından da böyük qiymətə malikdir. Milli mədəni dəyərlərə və irsə göstərilən diqqət, onların mühafizəsi istiqamətində görülən işlər bəşəri mahiyyət daşıyır və şərəf gətirir. Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur