Günay Əfəndiyeva “Türkdilli dövlətlər müstəqilliklərinin 25-ci ilində” adlı simpoziumda çıxış etdi

Xəbərlər

Günay Əfəndiyeva “Türkdilli dövlətlər müstəqilliklərinin 25-ci ilində” adlı simpoziumda çıxış etdi

07 oktyabr 2016 14:26
6-7 oktyabr tarixlərində Əhməd Yasəvi Universitetinin təşkilatçılığı ilə Azərbaycan və Orta Asiya ölkələrinin müstəqilliklərinin 25-ci ildönümü münasibətilə simpozium keçirilmişdir. Simpoziumun açılışında Türkiyə, Azərbaycan və Orta Asiya respublikalarının dövlət, hökumət və parlament nümayəndələri, diplomatik missiyanın və türk dünyasının birliyi istiqamətində fəaliyyət göstərən qurumların rəhbərləri, nüfuzlu elm adamları iştirak etmişlər. Türkdilli ölkələr arasında çoxtərəfli əməkdaşlığa həsr edilmiş paneldə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirmişdir ki, müxtəlif türk xalqlarının dil, ədəbiyyat, incəsənət və digər sahələrdəki dəyərləri türk dünyasının ortaq xəzinəsidir və bu zəngin xəzinənin qorunması üçün mühüm layihələr hazırlanır. O qeyd etmişdir ki, rəhbərlik etdiyi təşkilat UNESCO, ISESCO, TÜRKSOY, eyni zamanda, türkdilli dövlətləri bir araya gətirən qurumlar və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinə xüsusi diqqət verir. Türkdilli xalqların mədəniyyətinin, qeyri-maddi irsinin qorunması istiqamətində görülən işlərə dair məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Tədbir çərçivəsində Türkiyə ilə müstəqilliklərinin 25-ci ildönümü qeyd edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasındakı qardaşlıq münasibətlərini əks etdirən musiqili kompozisiya nümayiş olunmuşdur.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur