Türk Dünyasının böyük mütəfəkkir-şairi Xoca Əhməd Yəsəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
Xəbərlər
Türk Dünyasının böyük mütəfəkkir-şairi Xoca Əhməd Yəsəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
Oktyabrın 31-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə mütəfəkkir şair Xoca Əhməd Yəsəviyə həsr olunan beynəlxalq elmi konfrans keçirilmişdir. Tədbirdə Xoca Əhməd Yəsəvi yaradıcılığına qısa nəzər salınmışdır, onun əsərlərinin bu günümüz üçün aktual olduğu vurğulanmışdır. Bildirilmişdir ki, İslam dinini Türk dünyasına yayan mütəfəkkirlərdən birincisi Əhməd Yəsəvi olub. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Əhməd Yəsəvinin adına tədbirlər, simpoziumlar keçirildiyini nəzərə çatdırmışdır. Bildirilmişdir ki, vəfatından 850 il sonra anılması, əsərlərinin oxunması sənətkar üçün böyük xoşbəxtlikdir. G.Əfəndiyeva qeyd etmişdir ki, Ə.Yəsəvinin “Divani-hikmət” əsərinin əlyazması UNESCO-nun dünya yaddaşı proqramı tərəfindən qorunub saxlanılır. G.Əfəndiyeva vurğulamışdır ki, Əhməd Yəsəvi türkləri birləşdirən insandır və onun “İslam seçim, türkçülük taleyimizdir” kəlamı şairin vahid türk ideyasına sadiq qaldığını göstərir. Əhməd Yəsəvi Universiteti tərəfindən nəşr edilən kitablar Azərbaycan Milli Kitabxanasına hədiyyə edilmişdir. Tədbir iştirakçıları “Türk dünyasının görkəmli ədibi Xoca Əhməd Yəsəvi” adlı kitab sərgisi ilə tanış olmuşlar.