Türk Mədəniyyəti və İrsi Fondu və Türk Dünyası Mühəndislər və Memarlar Birliyi arasında görüş keçirildi
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondu və Türk Dünyası Mühəndislər və Memarlar Birliyi arasında görüş keçirildi
27 fevral 2016
20:18
Azərbaycanda səfərdə olan Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin (TDMMB) sədri, Türkiyənin ekologiya və şəhərsalma nazirinin müavini Mehmet Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb. Rəhbərlik etdiyi Fondun yaranması, məqsəd və vəzifələri barədə məlumat verən Günay Əfəndiyeva deyib ki, qısa bir vaxtda fəaliyyətə başlamasına baxmayaraq, qurumun qarşıda böyük hədəfləri var. Belə ki, Türk Mədəniyyəti və İrsi Fondu yeni təşəbbüs və layihələrə açıq olacaq. Türk mədəniyyətini və irsini yaşatmaq istəyən, onu araşdıran, öyrənən insanlarla əməkdaşlıq Fondun fəaliyyətinin prioritetidir. Türk dünyasının sahib olduğu mədəni irsi qorumaq, araşdırmaq, dünyada təbliğ etmək və gələcək nəsillərə çatdırmaq Fondun əsas hədəflərindəndir. Bir sözlə, Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasında mədəniyyətin, ədəbiyyatın, mədəni irsin təbliğini reallaşdıracaq. Türk Dünyası Qurultaylarının baş əlaqələndiricisi İlyas Dəmirçi il ərzində reallaşdıracaqları layihələrdən söz açıb. O, bu layihələrə Türk Mədəniyyəti və İrsi Fondunun da töhfə verməsini arzulayıb. Bildirib ki, Bakıda keçirilməsi nəzərdə tutulan TDMMB-nin növbəti qurultayının 5 gün ərzində silsilə tədbirlərlə qeyd olunması nəzərdə tutulur. Keçiriləcək tədbirlər Bakı ilə yanaşı, Azərbaycanın bir sıra bölgələrini də əhatə edəcək.
Səfər çərçivəsində keçirilən görüşlərdən və görüləcək işlərdən söz açan qonaq rəhbərlik etdiyi qurumla bağlı məlumat verib. Bildirib ki, 2011-ci ildə qurulan TDMMB bütün türkdilli dövlətləri və icmaları əhatə edən müxtəlif tədbirlər həyata keçirməkdədir. Bu tədbirlərin ən əhatəlisi isə iki ildən bir təşkil olunan Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma Qurultayıdır. Növbəti qurultayın Bakıda keçirilməsi nəzərdə tutulur. Bu qərar Birliyin Bakıdakı tərəfdaş qurumu olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin razılığı əsasında qəbul edilib. Bu çərçivədə Azərbaycanda müxtəlif tədbirlər keçirməyi planlaşdıran TDMMB 2016-cı ili “Heydər Əliyev ili” elan edib.