”İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans keçirildi
Xəbərlər
”İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans keçirildi
12 aprel 2017
08:05
Aprelin 12-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Respublikasın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli, Milli Məclisin sədr müavini Bahar Muradova, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Halit Eren, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev və başqaları çıxışlarında İslam həmrəyliyinin əhəmiyyətindən söz açmışlar.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirmişdir ki, Azərbaycan multikulturalizm, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib. Belə bir mədəni-dini müxtəlifliyin harmoniyasında İslam dəyərlərinin qorunması Azərbaycanın İslama bağlı dünyəvi dövlət olduğunun təzahürüdür. Yenicə fəaliyyətə başlamış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu dövlətlər arasında yalnız mədəni həmrəyliyin yox, eləcə də digər sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rola malikdir. Bu beynəlxalq təşkilat öz fəaliyyətində İslam həmrəyliyini daim dəstəkləyəcək.