Azərbaycan Milli Kitabxanasında böyük qazax şairi Mağcan Cumabayevin 125 illiyi münasibəti ilə tədbir keçirildi

Xəbərlər

Azərbaycan Milli Kitabxanasında böyük qazax şairi Mağcan Cumabayevin 125 illiyi münasibəti ilə tədbir keçirildi

28 sentyabr 2018 11:21
Sentyabrın 28-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında böyük qazax şairi Mağcan Cumabayın anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir və “TÜRKSOY kitabxanası seriyası”ndan Ankarada çap olunmuş “Mağcan Cumabay. Türküstan” və “Mağcan Cumabay şiirleri” adlı kitabların təqdimat mərasimi keçirilib. Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edib. Fondunun prezidenti çıxışında M.Cumabayın həyatından, zəngin yaradıcılığından söhbət açıb. Günay Əfəndiyeva bildirib ki, türk dünyasının böyük şairi M.Cumabay qısa ömür - 45 il yaşasa da, qazax ədəbiyyatında silinməz izlər qoydu. Bayron belə sənətkarları nəzərdə tutaraq demişdi: “Şairin həyatı başa çatanda onun şöhrət yolu başlayır”. Fondun prezidenti diqqətə çatdırıb ki, Mağcan Cumabayı yaradıcılığının xüsusiyyətlərinə görə Qazaxıstanın Puşkini adlandırırlar. TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş təşkilatın həyata keçirdiyi layihələrdən danışıb. Qeyd edib ki, bu il anadan olmasının 125 illiyini qeyd etdiyimiz M.Cumabay ilə Azərbaycan şairi Əhməd Cavadın həyatı bir-birinə bənzəyir: “Bu iki şairin əsərləri, həyatları, mübarizələri bir-birinə bənzəyir. Hər ikisi də xalqının müstəqilliyi, azadlığı üçün mübarizə aparmış, əsərlərində türk xalqının mədəniyyətini təbliğ etmişlər”. Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev də çıxış edib. TÜRKSOY-un gördüyü işləri yüksək Vaqif Əliyev bildirib ki, təşkilat son dövrlər bir sıra uğurlu layihələr həyata keçirir. Bu da türk dünyasının zəngin tarixinin, mədəniyyətinin tanıdılmasında böyük rol oynayır. Natiq TÜRKSOY tərəfindən hər ilin bir türkdilli dövlətin şair, yazıçı və ya görkəmli şəxsiyyətinin adı ilə bağlı olmasını çox böyük hadisə kimi qiymətləndirib. Bu ənənəyə 2010-cu ildən başlanılıb. Əslində həmin şəxslər, onların yaradıcılığı bütün türk dünyasının sərvətidir. Bu mənada TÜRKSOY-un gördüyü iş əvəzsizdir. Azərbaycan Milli Kitabxanasında keçirilən beynəlxalq konfrans da bu silsilədəndir.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur