Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Parisdə Türk dünyası ilə bağlı silsilə tədbirlər keçirildi
Xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Parisdə Türk dünyası ilə bağlı silsilə tədbirlər keçirildi
06 iyun 2018
18:27
Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində “Türk dünyası: maarifçilik və identiklik” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Azərbaycan, Türkiyə və Qazaxıstanın Fransadakı səfirliklərinin, YUNESKO yanında daimi nümayəndəliyimizin, AMEA-nın Fəlsəfə institutunun və Fransanın Nis Sofia Antipolis Universitetinin dəstəyi ilə keçirilib.
Konfransda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti G. Əfəndiyeva mövzunun əhəmiyyətinə toxunaraq, türkdilli dövlətlərin mədəniyyəti və irsi dünya sivilizasiyasının ayrılmaz parçası olduğunu bildirib. Qeyd edib ki, Türkdilli dövlətlər xalq yaradıcılığına və yazılı ədəbiyyata bir çox yeniliklər gətirib, beynəlxalq aləmdə bəşəri uğurlar əldə edib. “Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Manas” kimi tarixi irs nümunələri bütün Türk dünyasının sərvətidir, türkdilli dövlətlərin milli abidələridir.
O bildirib ki, ümumtürk mədəniyyəti dünya mədəniyyətinə böyük töhfələr verib, türkdilli xalqların dahi şəxsiyyətləri – mütəfəkkirləri, yazar-şairləri, alimləri bəşəri nailiyyətlər qazanıb. Türk dünyasında qadının şərəfli yerindən, diplomatiyada onların rolundan söz açıb və rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında geniş məlumat verib.
Konfransdan sonra Azərbaycan İncəsənət Akademiyasnın professoru, rəssam Cəmilə Həşimovanın əsərlərindən ibarət “Türk dünyasının cənnət bağları” adlı sərginin açılış mərasimi olub.
Sərgidə türkdilli ölkələrin nümayəndələri Azərbaycandan Səddam Novruzbəyov (balaban, tütək), Qazaxıstandan Aygerim Yersainova (kobız) və Türkiyədən Sərxan Uyar (saz, qaval) milli musiqi alətlərində xalq musiqilərini səsləndiriblər. Tədbir iştirakçıları milli şirniyyatlara qonaq ediliblər.