“Dədə Qorqud” kamera orkestrinin 15-ci Ağ və Qara Beynəlxalq Teatr Festivalında konserti keçirildi

Xəbərlər

“Dədə Qorqud” kamera orkestrinin 15-ci Ağ və Qara Beynəlxalq Teatr Festivalında konserti keçirildi

05 iyun 2018 17:50
5 iyun 2018-ci il tarixində Finlandiyanın İmatra şəhərində keçirilən 15-ci Beynəlxalq Ağ və Qara Teatr Festivalı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilib və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” kamera orkestrinin konserti keçirilib. Açılışda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 100 il öncə müsəlman Şərqində ilk müstəqil demokratik və parlamentli respublikanın qurulduğunu, habelə bu respublikanın mədəniyyətin, təhsilin və incəsənətin formalaşması istiqamətində böyük töhfələr verdiyini qeyd edib. Azərbaycan Xalq Cümhuriyyətinin quruluşunun bütövlükdə bütün türk dünyası üçün mötəbər bir hadisə olduğunu vurğulayan G. Əfəndiyeva, Cümhuriyyətin mövcud olduğu dövr ərzində qazanılan nailiyyətlərdən bəhs edib. G. Əfəndiyeva çıxışı zamanı həmçinin Festival çərçivəsində İmatra şəhərinin qurulmasının 70-ci ildönümünün qeyd olunduğunu vurğulayaraq, bu münasibətlə tədbirə ev sahibliyi edən İmatra şəhərinin sakinlərini təbrik edib. Tədbirdə çıxış edən İmatra şəhərinin bələdiyyə başçısı Nina Malm Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Festivala verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, Beynəlxalq Ağ və Qara Teatr Festivalının mahiyyətindən söz açıb. N.Malm hər il müxtəlif köklərə mənsub xalqların bu festivala qatılmaqla mədəniyyətlərarası dialoqun möhkəmlənməsində vasitəçi olduğunu bildirib. Festivalın ilk günündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi və Beynəlxalq Ağ və Qara Teatr Assosiasiyasının dəstəyi ilə “Türk dünyasının inciləri” adlı konsert proqramı təşkil olunub. Konsert proqramında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış, türkdilli ölkələrin, o cümlədən, Antalya Dövlət Opera və Balet Teatrının musiqiçilərindən ibarət “Dədə Qorqud” kamera orkestri çıxış edib. Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycanın Xalq Artisti, professor Yalçın Adıgözəlovdur. Konsertdə solistlər qismində Azərbaycanın Əməkdar Artisti İlham Nəzərli, tarzən Orxan Zeynalov və Finlandiyada yaşayan həmyerlimiz, 15 yaşlı Emil Hartikainen çıxış ediblər. Tədbirdə Azərbaycan və Türkiyə bəstəkarlarının əsərləri, xalq mahnıları və türkülər ifa olunub və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 2004-cü ildən bəri həril ənənəvi olaraq keçirilən, Finlandiyanın mühüm beynəlxalq hadisələrindən biri olan Beynəlxalq Ağ və Qara Teatr Festivalı Finlandiyada yaşayan azərbaycanlı rejissor Kamran Şahmardan tərəfindən təşkil olunur. Bu Festival dünya mədəniyyətlərinin birləşməsi və müxtəlif xalqlar arasında dostluq əlaqələrin güclənməsində böyük əhəmiyyətə malikdir. Beynəlxalq Ağ və Qara Teatr Festivalı 10 iyun 2018-ci il tarixinədək dəvam edəcək.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur