Günay Əfəndiyeva ilə Macarıstandan gələn tanınmış türkoloqlar arasında görüş keçirildi
Xəbərlər
Günay Əfəndiyeva ilə Macarıstandan gələn tanınmış türkoloqlar arasında görüş keçirildi
30 noyabr 2018
10:54
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstandan gələn tanınmış diplomat və türkoloq Janos Hovari və məşhur macar türkoloqu, professor György Hazainin qızı Sesilia Hazai ilə görüşüb.
Görüşdə G.Əfəndiyeva Fondun türk dünyasına xas irs və mədəniyyətin qorunması və təbliği ilə bağlı əsas fəaliyyət istiqamətləri, eləcə də gələcək planları barədə məlumat verib. O, həmçinin türkdilli xalqlarla macarlar arasındakı bağlılıqdan söz açaraq, bu iki xalqın bir çox ortaq adət-ənənə və mədəni dəyərləri bölüşdüyünü bildirib. G.Əfəndiyeva qonaqları Macarıstanın müşahidəçi dövlət olaraq Türk Şurasına üzv olması münasibətilə bir daha təbrik edib.
Professor J.Hovari öz növbəsində Macarıstanda türkologiyanın inkişafı və bu sahədə aparılan bir çox elmi araşdırmalar barədə məlumat verib. Eyni amanda o, Fondun bütövlükdə türk dünyasına məxsus tarixi-mədəni irsin qorunması və təşviqi baxımından əhəmiyyətini yüksək qiymətləndirərək, Macarıstan Respublikasının Fondun fəaliyyətini hər zaman dəstəkləməyə hazır olduğunu bildirib.
S.Hazai atasının türkologiya sahəsində gördüyü işlərdən danışaraq türkdilli xalqların artıq ona doğma olduğunu bildirib. Xanım Hazai Fond ilə birgə əməkdaşlığa müsbət münasibət bəslədiyini və professor G.Hazainin elmi fəaliyyəti müddətində yaratdığı qiymətli kitabxananın qapılarını onların üzünə hər zaman açmağa hazır olduğunu qeyd edib.
Sonda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib və gələcək layihələr üzərində əməkdaşlıq məsələsinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşdə Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi də iştirak edib.