Günay Əfəndiyeva ilə Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi arasında görüş keçirilib
Xəbərlər
Günay Əfəndiyeva ilə Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi arasında görüş keçirilib
13 aprel 2018
10:06
13 aprel 2018-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva ilə Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi arasında görüş keçirilmişdir.
Rəhbərlik etdiyi Fondun fəaliyyətindən söz açan G.Əfəndiyeva macarların tarixən türkdilli xalqlar ilə bağlılığını, bir çox ortaq adət-ənənə və mədəni dəyərləri bölüşdüyünü bildirmişdir. G.Əfəndiyeva Macarıstanda türkologiyanın inkişafının və bu sahədə bir çox elmi araşdırmaların aparılmasının, eləcə də Macarıstanın türkdilli qurumlarla əməkdaşlığının hər iki xalqın tarixi-mədəni irsinin mühafizəsi və təbliği üçün görülən işlərin əhəmiyyətindən söz açmışdır.
V.Szederkenyi Fondun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi, bütövlükdə Türk dünyasının birliyi istiqamətində fəaliyyətinin əhəmiyyətini vurğulamış, yaxın gələcəkdə Macarıstanla birgə layihələrin keçirilməsinə dəstəyini ifadə etmişdir. V.Szederkenyi Macarıstanda türk mədəniyyətinin və irsinin daha da təbliğ edilməsinin vacibliyini qeyd etmişdir.
Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Səfirlik arasında əməkdaşlıq imkanları müzakirə edilmişdir.