Günay Əfəndiyeva ilə Mevlüt Çavuşoğlu arasında Ankarada görüş keçirildi

Xəbərlər

Günay Əfəndiyeva ilə Mevlüt Çavuşoğlu arasında Ankarada görüş keçirildi

16 aprel 2018 19:22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyə Cumhuriyyətinin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüş keçirmişdir. Görüş zamanı G.Əfəndiyeva türk dünyası tarixi-mədəni irsinin dünyaya tanıdılması istiqamətində Fond tərəfindən görülən işlərdən və həyata keçirilən layihələrindən bəhs edərək Fondun gələcək planları barədə məlumat vermişdir. G.Əfəndiyeva həmçinin, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Bakı şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu üçün binanın verildiyini və hal-hazırda orada əsaslı təmir-bərpa işlərinin aparıldığını qeyd etmişdir. M.Çavuşoğlu isə öz növbəsində Fond tərəfindən türk dünyasının birliyi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayaraq, Türkiyə hökümətinin Fonda dəstək olduğunu bildirib və türkdilli xalqlara xas irs və mədəniyyətin qorunması və təbliği ilə bağlı həyata keçirilən layihələri yüksək qiymətləndirib. O, həmçinin Azərbaycana “Bakı Qlobal Forumu” və “Qoşulmama Hərəkatı Nazirlər Konfransı” çərçivəsində Bakı şəhərinə son iki səfərini xatırlayaraq Azərbaycanın beynəlxalq çağırışlarla bağlı fikir mübadiləsi aparmaq üçün çox gözəl görüş platformasına çevrildiyini vurğulayıb. Tərəflər tezliklə keçirilməsi gözlənilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə toplantısında ortaq tarix, dil və mədəniyyətə söykənən türkdilli xalqlar arasındakı əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi baxımından bir sıra mühüm məsələlər, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı sənədlərin imzalanması haqqında müzakirələr aparıb. Sonda tərəflər arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri ətrafında danışıqlar aparılıb.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur