Günay Əfəndiyeva ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi arasında görüş keçirildi
Xəbərlər
Günay Əfəndiyeva ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi arasında görüş keçirildi
18 may 2018
10:10
18 may 2018-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun Prezidenti Günay Əfəndiyeva Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Baş katibi Altınbek Mamayusupov ilə görüş keçirib.
Görüş zamanı, G.Əfəndiyeva rəhbərlik etdiyi Fondun hazırkı və gələcək fəaliyyətinə toxunaraq, Türk dünyasına xas mədəniyyət və irsin qorunması, təşviqi və dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.
G.Əfəndiyeva 2018-ci ilin türk dünyası üçün əlamətdar hadisələrlə zəngin olduğunu vurğulayaraq, türkdilli xalqların dahi şəxsiyyətlər və böyük ictimai-siyasi xadimlərinin işiqlı xatirələrinə həsr olunan tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. Bu çərçivədə, TÜRKPA-nın mənzil-qərargahında türk dünyasının böyük mütəfəkkiri Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə keçirilən tədbirin əhəmiyyətini vurğulayıb.
Baş katib, A.Mamayusupov öz növbəsində gələcəkdə bu cür tədbirlərin iki qardaş təşkilat tərəfindən birgə keçirilməsinin türk dünyasına töhvə verəcəyinə inamını ifadə edib. O, cari il ərzində TürkPA tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrdən söz açaraq, bu yaxınlarda TürkPA-nın 10 illik yubileyi münasibəti ilə təşkil olunacaq tədbirlərdən bəhs edib.
Görüş zamanı həmçinin, cari ilin sentyabr ayında Bişkekdə keçirilməsi planlaşdırılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə toplantısında gündəmə gətiriləcək mühim məsələlər üzrə fikir mübadiləsi aparılıb, bu toplantının Türk dilli ölkələrin ortaq əməkdaşlığının və hərtərəfli əlaqələrin inkişafının daha da möhkəmlənməsinə təkan verəcəyi müzakirə olunub.
Sonda, qurumlar arasında əməkdaşlığın cari vəziyyəti və inişaf perpektivləri, o cümlədən birgə həyata keçiriləcək programlar barədə danışıqlar aparılıb.