Günay Əfəndiyeva ilə Türkiyə Cumhuriyyətinin Təhsil naziri arasında görüş baş tutdu

Xəbərlər

Günay Əfəndiyeva ilə Türkiyə Cumhuriyyətinin Təhsil naziri arasında görüş baş tutdu

30 aprel 2018 19:34
17 aprel 2018-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Cumhuriyyəti Təhsil naziri cənab İsmet Yılmaz ilə Türkiyənin Ankara şəhərində görüşüb. G. Əfəndiyeva ilk növbədə rəhbərlik etdiyi qurumun türkdilli xalqlara məxsus tarixi-mədəni irsinin qorunması və təbliğ edilməsi istiqamətində fəaliyyətindən bəhs edərək, Fondun əsas prioritetinin bu xalqları bir-birinə daha da yaxınlaşdırmaq olduğunu nəzərə çatdırıb. Bildirilib ki, Fondun üzv dövlətlərinin müvafiq təhsil nazirlikləri ilə əməkdaşlığı Türk dünyasına məxsus mədəniyyəti daha ətraflı şəkildə dünyaya tanıtmaq, gənclərin bu sahədəki bilik və bacarıqlarını inkişaf etdirmək və gələcək nəsillərə ötürmək baxımından əhəmiyyət kəsb edir. İ.Yılmaz öz növbəsində Azərbaycan və Türkiyə arasında qardaşlıq, tarixi yaxınlıq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələrin daim inkişaf etdiyini bildirərək, dünya mədəniyyətinə böyük töhvələr vermiş türkdilli xalqların ortaq zəngin irs, ədəbiyyat, incəsənət, milli-mənəvi dəyərlər baxımından bir-birinə bağlı olduğunu qeyd edib və Fondun bu çərçivədə həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. O, qardaş ölkələr arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün Fond ilə Türkiyənin Təhsil Nazirliyi və onun nəzdində olan öndə gedən təhsil müəssisələri ilə birgə tədris proqramlarının təşkil olunmasının vacibliyini vurğulayıb. Tərəflər türkdilli xalqların tarixi köklərinə dair mövcud tədqiqatların inkişaf etdirilməsi və dünyaya tanıdılması üçün türk dünyasına xas akademik araşdırma və informasiya mübadiləsinin və tədris müəssisələrində ortaq adət-ənənə, musiqi, tarix, ədəbiyyat, incəsənət, teatr, kinematoqrafiya üzrə elmi konfrans, mühazirə və seminarların keçirilməsi mövzularında fikir mübadiləsi aparıb.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur