Günay Əfəndiyeva “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda dəyirmi masada çıxış edib

Xəbərlər

Günay Əfəndiyeva “İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda dəyirmi masada çıxış edib

06 iyul 2018 19:21
Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən tədbir ümummilli lider Heydər Əli-yevin anadan olmasının 95 illiyinə, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr edilmişdir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək bildirib ki, müasir müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası ölkəmizin milli iqtisadi inkişaf modelinin formalaşmasına və islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar davam etdirilib, ölkədə qadınların sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün əlverişli mühitin daha da yaxşılaşdırılması, institusional və innovativ metodların tətbiqi istiqamətində bir sıra işlər görülüb. Bu səbəbdəndir ki, qadınlar ölkədə bütün dövlət qurumlarında, Milli Məclisdə, müxtəlif yerli və beynəlxalq təşkilatlarda, həmçinin biznes strukturlarında təmsil olunurlar. Günay Əfəndiyeva bildirib ki, türk dünyasında, o cümlədən onun ayrılmaz hissəsi olan Azərbaycanda tarixboyu qadınlar mənəvi-əxlaqi keyfiyyətləri ilə seçilib, milli mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıblar. Qadının ictimai fəallıq tarixi çox rəngarəngdir. Ümumiyyətlə türkdilli dövlətlərdə qadınların xalq yaradıcılığına və yazılı ədəbiyyata gətirdikləri yeniliklər və innovasiyalar dünya mədəniyyətinə böyük töhfə verib, bu xalqların mütəfəkkirləri, yazıçıları, şairələri bəşəri uğurlar əldə ediblər. Müasir zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın adını xüsusi qeyd etmək istərdim. Onun təşəbbüsləri, fəaliyyəti həm ölkə daxilində, həm beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Diqqətə çatdırılıb ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasında yaradıcı qadınların əməyinin beynəlxalq aləmdə təbliğ olunması, mühafizəsi və gələcək nəsillərə ötürülməsi istiqamətində bir sıra layihələr həyata keçirməkdədir. Türk dünyası qadın sənətkarlarının yaradıcılıq nümunələrinin beynəlxalq səviyyədə sərgilənməsi, ortaq köklərə məxsus türkdilli xalqlar arasındakı mövcud bağların möhkəmlənməsinə təsir edəcək. G.Əfəndiyeva “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı barədə də məlumat verib. Bildirib ki, bu kitab xarici ölkələrdə maraq doğurduğu üçün hazırda fond tərəfindən italyan dilinə tərcümə olun-maqdadır və yaxın zamanda nəşrin İtaliyada təqdimatı planlaşdırılır. Kitabın digər dillərə də tərcüməsi nəzərdə tutulub.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur