Günay Əfəndiyeva İzmirdə keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının 8-ci Şura iclasında çıxış edb

Xəbərlər

Günay Əfəndiyeva İzmirdə keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının 8-ci Şura iclasında çıxış edb

21 noyabr 2018 11:42
21 noyabr 2018 – ci il tarixində Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci Şura iclası keçirilib. İclasda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Nizami Cəfərov, İlham Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, parla-ment Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. Konfransın açılışında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın, Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulinin, Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekovun və Macarıstan Milli Assambleyasının sədri Laszlo Köverinin çıxışları dinlənilib. Şura iclasına TÜRKPA-nın baş katibi və təşkilata digər üzv ölkələrin - Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin nümayəndə heyətləri qatılıb. İclasdakı çıxışında ötən on il ərzində TÜRKPA-nın ciddi siyasi çəkiyə malik olan beynəlxalq təşkilat kimi formalaşdığını diqqətə çatdıran Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, türkdilli ölkələrin ortaq parlament məclisinin fəaliyyəti dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə kömək göstərməyə yönəlib. Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cu-mabekov TÜRKPA-nın on illik şərəfli inkişaf yolundan, əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar. İzmir bölgəsinin strateji imkanlara malik olduğunu söyləyən TBMM-in sədri Binəli Yıldırım diqqətə çatdırıb ki, bölgənin dəmir yolu şəbəkəsinin Bakı-Tbilisi-Qars yoluna birləşdirilməsi və bununla da Qafqaz ilə Orta Asiya arasında daha etibarlı nəqliyyat bağlantısının qurulması hədəflənir. TÜRKPA-nın on illik fəaliyyətini yüksək dəyərləndirən Türkiyə parlamentinin sədri vurğulayıb ki, türkdilli xalqlar tarixin heç bir dövründə indiki qədər yaxın münasibətdə və geniş əməkdaşlıq imkanında olmayıblar. O, əminliklə qeyd edib ki, türkdilli dövlətlərin gələcək inkişafına TÜRKPA daha böyük töhfələr verəcək. Sonra baş katib Altınbek Mamayusupovun təşkilatın 2018-ci ildəki fəaliyyətinə dair hesabat məruzəsi dinlənilib. Çıxışlarda TÜRKSOY, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Türk Akademiyası kimi təşkilatların fəaliyyətinin əhəmiyyəti qeyd edilib. Vurğulanıb ki, ölkələrimizin sürətli inkişafının təmin olunmasında qarşılıqlı faydalı əməkdaşlıq böyük gücə malik olduğu kimi, yüksək elm və təhsilin də mühüm əhəmiyyəti var. Odur ki, bir sıra sahələrdə, həmçinin elm və təhsildə standartların müəyyən olunması böyük əhəmiyyət daşıyır. Daha sonra konfrans panellər üzrə davam etdirilib. Birinci panelə professor Zeki Kaymaz, ikinci panelə professor Fikret Türkmen, üçüncü panelə isə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva sədrlik edib. Günay Əfəndiyeva çıxışında türkdilli xalqların ortaq tarixi köklərinin, mədəniyyətinin, mirasının, dil birliyinin müasir dövrdə daha əzmlə qorunduğunu diqqətə çatdırıb. Bu məsələdə TÜRKPA-nın üzərinə düşən tarixi missiyadan bəhs edib. O, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi və perspektivdə olan layihələr barədə də geniş məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə toxunan Fondun prezidenti işğal altında saxlanılan Azərbaycan torpaqlarında mədəni irsin tamamilə məhv edildiyini vurğulayıb. Bu paneldə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibinin müavini, professor Firat Purtaş, İslam Əməkdaşlıq Təşkilatının Üzv Ölkələri Parlament Birliyinin baş katibinin köməkçisi, səfir Əli Əsgər Məhəmmədi Sijani və Türk Dünyası Mühəndis və Memarları İctimai Birliyinin baş katibi İlyas Demirci də çıxış ediblər. Çıxışlarda keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən türkdilli dövlətlərdə baş verən ictimai-siyasi, mədəni və iqtisadi proseslərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, dövlət müstəqilliyi türkdilli xalqların mədəni, elmi, iqtisadi və digər sahələrdə əlaqələrini təmin edib. Əminliklə ifadə olunub ki, türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin inkişafı, eləcə də əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələr qarşısıalınmaz prosesdir. Assambleya Şurasının 8-ci iclasında təşkilata sədrlik Qırğızıstandan Türkiyəyə keçib.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur