Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Xəbərlər

Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

02 sentyabr 2018 10:54
Sentyabrın 2-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. İclasda Qırğızıstan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri Erlan Abdıldayev, Mövlud Çavuşoğlu, Kayrat Abduraxmanovo, Azərbaycan xarici işlər nazi-rinin müavini Ramiz Həsənov, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov iştirak ediblər. İlk dəfə olaraq Şuranın iclasına fəxri qonaq qismində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da qatılıb. Beynəlxalq Türk Mədəniyyeti və İrsi Fondun prezidenti Günay Əfəndiyeva iclasda çıxış edib. Günay Əfəndiyeva türk dünyasının maddi və mədəni irsinin zənginliyindən, bu irsin qorunmasının, öyrənilməsinin və beynəlxalq arenada təbliğ edilməsinin əhəmiyyətindən danışıb. O, türkdilli xalqların qədim şifahi və yazılı ədəbiyyat nümunələri, folkloru, adət-ənənələri, möhtəşəm memarlıq abidələrinin mühafizəsinin önəmini diqqətə çatdırıb, yenicə fəaliyyətə başlamış Fondun bu istiqamətdə gördüyü işlərdən, həyata keçirdiyi tədbir, konfrans, simpozium, sərgilərdən bəhs edib. Vurğulanıb ki, müəyyən çətinliklərlə üzləşməsinə baxmayaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qısa zaman ərzində türk dünyası mədəniyyəti, zəngin tarixi, milli mənəvi dəyərləri əhatə edən müxtəlif layihələrə imza atıb. Həyata keçirilən bir sıra layihələr Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının imzaladığı Bəyannamədə öz əksini tapıb. Çıxışı zamanı rəhbərlik etdiyi Fondun türk dünyasına xas maddi irsin mühafizəsinə xüsusi diqqət ayırdığını, məhvolma təhlükəsi ilə qarşılaşan tarixi abidələrin siyahısının hazırlanılmasına başladığını vurğulayan G.Əfəndiyeva, həmçinin nümunə olaraq işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda tarixi və mədəniyyət abidələrinə vurulan zərər haqqında Fond tərəfindən həyata keçirilən tədqiqat işlərindən bəhs edib. G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu üçün bina ayrıldığına görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə öz dərin təşəkkürlərini bildirib və binanın açılışının gələn il Bakıda təşkil ediləcək Türk Şurasının VII Sammiti çərçivəsində keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Tədbirdə türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən ticari-iqtisadi, mədəni-humanitar sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi, Türk Şurasının və digər türk institutlarının gələcək inkişaf perspektivləri müzakirə edilib. Görüşdə Türk Akademiyasını, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti ilə bağlı sazişlər imzalanıb. İclasda, həmçinin Macarıstana Türk Akademiyasında müşahidəçi statusu verilməsi ilə bağlı qərar da qəbul edilib. İclasın sonunda xatirə fotosu çəkdirilib. Beynəlxalq Türk Mədəniyyeti və İrsi Fondun prezidenti Günay Əfəndiyeva sentyabrın 3-də İssık-Kul gölünün sahilində keçirilən üçüncü Dünya Köçəri Oyunlarının (DKO) açılış mərasimində də iştirak edib.    
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur