Günay Əfəndiyeva Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı Musa ilə görüşdü
Xəbərlər
Günay Əfəndiyeva Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı Musa ilə görüşdü
30 aprel 2018
19:41
30 aprel 2018-ci il tarixində Fransanın Paris şəhərinə işgüzar səfəri zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı Musa ilə görüş keçirmişdir.
Görüş zamanı G.Əfəndiyeva Fondun əsas məqsədlərindən bəhs edərək türk dünyasının ortaq tarix, mədəniyyət və irsinin qorunmasına və dünyada tanıdılmasına yönəlmiş layihə və tədbirlər barədə məlumat verərək, türk xalqları arasındakı qardaşlıq bağlarının möhkəmlənməsinin əhəmiyyətini vurğulamışdır.
İsmayıl Hakkı Musa isə öz növbəsində, G.Əfəndiyevanı səfirliyin mədəniyyət sahəsində həyata keçirdiyi işlər ilə yaxından tanış edərək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun uğurlu gələcəyinə və türk dilli ölkələr arasında birliyin inkişafı istiqamətində töhvələr verəcəyinə inandığını, Fondun türk dünyası mədəni irsinin beynəlxalq arenada tanıdılması istiqamətində gördüyü fəaliyyətə dəstək olmağa hazır olduğunu ifadə etmişdir.
Görüşdə türk dünyasının təbliği istiqamətində cari il ərzində həyata keçiriləcək tədbirlər barədə geniş tərkibdə danışıqlar aparılmış və gələcək əməkdaşlıq prioritetləri müəyyən edilmişdir.