Günay Əfəndiyeva Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edib
Xəbərlər
Günay Əfəndiyeva Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edib
18 sentyabr 2018
11:14
18 sentyabr 2018- ci il tarixində Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.
Festivalın açılışı SSRİ Xalq artisti, görkəmli bəstəkar Arif Məlikovun 85 illiyinə həsr edilib. Açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik etdi. Əbülfəs Qarayev bildirdi ki, Üzeyir Hacıbəyli göstərdiyi xidmətlərlə öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq həkk edib. Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Böyük bəstəkar Azərbaycan xalqının tarixində silinməz iz qoyub. Təsadüfi deyil ki, Üzeyir bəy həm də bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni həyatında yaxından iştirak etmiş böyük şəxsiyyətlərimizdəndir.
Beynəlxalq Türk Mədəniyyeti və İrsi Fondun prezidenti Günay Əfəndiyeva Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edib.
Festivalının ilk günü tamaşaçılara tanınmış kollektivlər - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Gülbacı İmanova) müşayiəti ilə solist Murad Adıgözəlzadənin ifasında geniş və rəngarəng konsert proqramı təqdim olunub. İlk olaraq gecədə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra səslənib.