“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində “Dədə Qorqud” kamera orkestrinin konserti keçirildi
Xəbərlər
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində “Dədə Qorqud” kamera orkestrinin konserti keçirildi
22 sentyabr 2018
18:49
Naxçıvan bürosu xəbər verir ki, tədbirdə fondun prezidenti Günay Əfəndiyeva çıxış edərək, qədim türk dünyasının mədəniyyət mərkəzlərindən və ən gözəl guşələrindən biri, İslam Mədəniyyətinin Paytaxtı, ulu öndər Heydər Əliyevin Vətəni olan Naxçıvanda olmaqdan məmnunluq duyduqlarını qeyd edib. “Bu gün Naxçıvan qədim olduğu qədər də müasirdir. Biz ikiqat sevinc və qürur hissi keçiririk ki, belə gözəl bir tədbir türk dünyasının inkişafına, onun güclənməsinə dəstək verən Ulu Öndərimizin adını daşıyan möhtəşəm Heydər Əliyev Sarayında keçirilir”, - deyə fondun prezidenti əlavə edib.
O, vurğulayıb ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan, Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. Məqsəd, ilk növbədə, türkdilli xalqları yaxınlaşdırmaq, qardaş xalqları daha da doğmalaşdırmaq və eyni zamanda, həmin xalqların sahib olduqları zəngin mədəni irsi dünyaya tanıtmaqdır. Bu istiqamətdə fond müxtəlif layihələr həyata keçirir. Belə layihələrdən biri də “Dədə Qorqud” kamera orkestrinin yaradılmasıdır. Bu il sentyabr ayının əvvəlində Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində orkestrin yaradılması dövlət başçıları tərəfindən imzalanan Bəyannamədə öz əksini tapıb. Türk dünyasının ortaq yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanının adını daşıyan kamera orkestri özündə türk dünyası dövlətlərinin musiqiçilərini birləşdirir. Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovdur.
Günay Əfəndiyeva bu tədbirin reallaşmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Sonra orkestr geniş konsert proqramı ilə çıxış edib. Orkestrin ifasında xalq və bəstəkar mahnıları türk, Azərbaycan, qırğız dillərində təqdim olunub. “Nizami” simfoniyasının I hissəsindən, “Üsküdara gedərkən”, “Yeni bir gülnihal”, “Nihavət lonqa”, “Aytın salem kalamkas”, “Dudaray” əsərlərindən, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən musiqilər dinlənilib, ifaçılardan Aydan Həsənovanın “Ölkəm”, “Arzu”, Orxan Zeynalovun “Qərənfil”, “Çahargah”, Almaz İstambayevin “Caylodo”, “Selkiqe”, Orxan Cəlilovun “Dəli ceyran”, “Alagöz”, Sibel Kızıl-atəşin “Mazi kalbimdə bir yaradır”, “Axşam” mahnısı, Ceyla Seyidovanın “Muğamsayağı” vokal və instrumental ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.