Qazaxıstanın paytaxtı Astanada III Avrasiya Beynəlxalq Kitab sərgisi keçirildi
Xəbərlər
Qazaxıstanın paytaxtı Astanada III Avrasiya Beynəlxalq Kitab sərgisi keçirildi
25 aprel 2018
19:33
Qazaxıstanın paytaxtı Astanada III Avrasiya Beynəlxalq Kitab sərgisi (Eurasian Book Fair-2018) keçirilir. Sərgidə Azərbaycan, Rusiya, Polşa, Böyük Britaniya, Belarus, Tacikistan, Türkiyə, Çin, Hindistan, Albaniya və digər dövlətlərdən 18 təşkilat, 155 şirkətin nümayəndəsi iştirak edir.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə təşkil olunan stendimizdə ölkəmizdə müxtəlif mövzularda nəşr olunan kitablar nümayiş olunub.
Avrasiya Kitab Sərgisinin açılışında çıxış edən Qazaxıstanın dövlət katibi Gülşara Abdukalikova bildirib ki, artıq hər il keçirilən sərgi bu il Astana şəhərinin 20 illik yubileyinə təsadüf edir. “Ölkədə siyasi, iqtisadi və mənəvi sahələrdə sistemli dəyişikliklər, ictimai şüurun müasirləşdirilməsi proqramı və bu proseslərdə kitabın xüsusi rolu vardır. Oxuyan və savadlı millət intellektual millətdir”,- deyə dövlət katibi vurğulayıb. Sərgidə Gülşara Abdıkalikova Azərbaycan stendinə xüsusi maraq göstərib.
Dünyanın bir sıra ölkələrinin iştirak etdiyi III Avrasiya Kitab Sərgisi çərçivəsində Azərbaycan guşəsində ümummilli lider Heydər Əliyevin uzunmüddətli siyasi fəaliyyətini və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nail olunan hərtərəfli inkişafı əks etdirən nadir əsərlər, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinə dair maraqlı nəşrləri, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin və Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun Azərbaycan siyasətinin ayrı-ayrı istiqamətlərinə dair kitabları yer alıb.
Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş kitablar, ölkəmiz haqqında rus və qazax dillərində ensiklopedik təyinatlı jurnal və digər nəşrlər də təqdim olunub.
Azərbaycan guşəsində “Hədəf Nəşrləri”, “Altun kitab” nəşriyyatlarına xüsusi yer ayrılıb və onlara kitablarını nümayiş etdirməyə əlverişli şərait yaradılıb. “Hədəf nəşriyyatı”nın rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şamil Sadıq “Xatirə ədəbiyyatı” seriyasından olan kitabların oxucularda maraq yaratdığını bildirib.
Sərgidə iştirak edən “Altun kitab” nəşriyyat evinin rəhbəri Rafiq İsmayılov uşaqlar üçün nağıl kitablarının və digər nəşrlərin latın əlifbası ilə çapını və Qazaxıstanın da latın əlifbasına keçməsini oxucuların marağı baxımından yüksək qiymətləndirib.
“Okuklu” nəşriyyat holdinqin rəhbəri Yılmaz Okuklu Avrasiya Beynəlxalq Kitab sərgisi çərçivəsində Azərbaycan nəşriyyatlarına dəstək olacağını və gələcəkdə əməkdaşlığı davam etd irəcəyini vurğulayıb.
Azərbaycan guşəsində ölkəmizin tarixi, xalçaçılıq və turizm potensialı ilə bağlı ayrı-ayrı jurnal və broşürlər iştirakçılara paylanıb.
Azərbaycan stendi ilə tanış olan qazaxıstanlı alimlər burada ədəbiyyat, elm və mədəniyyət xadimlərinin əsərləri, həmçinin nəşriyyatlarla maraqlanıblar.
III Avrasiya Beynəlxalq Kitab sərgisində Beynəlxalq Türk Akademiyası da təmsil olunur. Beynəlxalq Türk Akademiyanın stendində təşkilat tərəfindən çap olunan kitablarla birgə Azərbaycana aid kitablar da yer alıb.