Türk Şurasının nümayəndə heyəti beynəlxalq müşahidə missiyası çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib
Xəbərlər
Türk Şurasının nümayəndə heyəti beynəlxalq müşahidə missiyası çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib
09 aprel 2018
09:53
9 aprel 2018-ci il tarixində beynəlxalq müşahidə missiyası çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibinin müavini Ömər Kocamanın başçılıq etdiyi Şura Katibliyinin ekspertlərindən ibarət nümayəndə heyəti ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.
Görüş zamanı Fondun prezidenti Günay Əfəndiyeva qardaş təşkilatı Fondun son dövrlərdəki fəaliyyətləri barədə söz açaraq, ümumi məqsədləri əhatə edən sahələr üzrə yenilikləri müzakirə edib. O, türk dünyasının ortaq mədəni dəyərlərinin beynəlxalq miqyasda təbliğinin təmin olunması istiqamətində Fond tərəfindən icra olunan müxtəlif layihələr və tədbirlər barədə ətraflı danışıb.
Türk Şurasının baş katibinin müavini Ömər Kocaman aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün Şuranın 20 nəfərdən ibarət müşahidə missiyasının Azərbaycanda səfərdə olduğunu diqqətə çatdırmışdır. Ömər Kocaman rəhbərlik etdiyi müşahidə missiyasının Bakı, Şəki və Quba şəhərlərində keçiriləcək səsvermənin gedişini izləyəcəyini, seçkilərin nəticələrinə dair mətbuat konfransı keçirəcəyini və bununla bağlı bəyanat yayacaqlarını nəzərə çatdırmışdır. O, həmçinin bildirib ki, müşahidəçilər missiyasının Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.
Günay Əfəndiyeva öz növbəsində görüşdə türkdilli xalqlar arasında birliyin qorunması, ölkələrimizdə sabitliyin davam etdirilməsi istiqamətində Fondun üzv dövlətlərinin prezidentlərinin rolunun əvəzolunmaz olduğunu qeyd etmişdir.
Daha sonra tərəflər, türk dünyasının birliyinə xidmət edən iki qardaş qurum arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin türk dünyası üçün əhəmiyyətini vurğulayıb. Eyni zamanda, türkdilli qurumların ümumtürk mədəniyyətinin qorunub, gələcək nəsillərə ötürülməsi istiqamətində təşkilatların daim bir birinə dəstək olduğu bildirilib.
Tərəflər arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bişkekdə sentyabrda keçirilməsi planlaşdırılan Zirvə toplantısında müzakirəyə qoyulacaq türk dünyasının birliyinə, mühafizəsininə və inkişafına yönəlmiş bir sıra mühum məsələlər haqqında fikir mübadiləsi aparılmışdır.
Sonda, iki qurumun türk xalqlarının daha da yaxınlaşması istiqamətində gördüyü işlər qiymətləndirilmiş, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün il ərzində birgə təşkil olunacaq tədbirlər haqqında qərarlar qəbul edilmişdir.