Xalq rəssamı Arif Hüseynovun “75 və 75” adlı yubiley sərgisi keçirildi
Xəbərlər
Xalq rəssamı Arif Hüseynovun “75 və 75” adlı yubiley sərgisi keçirildi
19 oktyabr 2018
11:32
Oktyabrın 19-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində Xalq rəssamı, ADRA-nın professoru Arif Hüseynovun “75 və 75” adlı sərgisi açılıb. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev tanınmış rəssamın yaradıcılığından söz açıb. Bildirib ki, Azərbaycan təsviri sənətində özünəməxsus dəstxəti ilə seçilən görkəmli qrafika ustası Arif Hüseynov daim axtarışda olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır. Diqqətə çatdırılıb ki, sərgidə rəssamın 75 illik yubileyi münasibətilə rəmzi olaraq 75 əsəri yer alıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva sərginin açılış mərasimində çıxış etmişdir. Arif Hüseynovu böyük rəssam adlandıran Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva onun sadiq dost, gözəl müəllim kimi yüksək mənəvi keyfiyyətlərindən, zəngin yaradıcılığından, Azərbaycan incəsənətində özünəməxsus yerindən söz açıb. Qeyd edilib ki, gözəl illüstrasiyaların müəllifi Arif Hüseynovun əsərləri dünyanın müxtəlif muzeylərini bəzəyir. Rəssamın yaratdığı illüstrasiyalar müxtəlif kitablara, nağıllara, dəyərli klassiklərin əsərlərinə yeni nəfəs verib. Vurğulanıb ki, müəllim kimi də fəaliyyət göstərən Arif Hüseynov gənc rəssamların yetişməsində əlindən gələni əsirgəməyib, bu sahədə onun böyük əməyi olub. Arif müəllimin əsərlərində hər zaman doğma Vətənə, yurda sevgi hissinin tərənnümü yüksək səviyyədə olub.