Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə İstanbul Böyükşəhər Bələdiyyəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə İstanbul Böyükşəhər Bələdiyyəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

07 yanvar 2019 14:59
7 yanvar 2019-cu il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyə sədirliyini müvəqqəti icra eden müşavir Hüseyin Erən ilə Bələdiyyə binasında görüş keçirib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas prioritet məqsədlərindən söz açan G.Əfəndiyeva son illərdə türk dünyası mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etmək məqsədi ilə Fondun həyata keçirdiyi tədbirlər, layihələr və proqramlardan danışıb. H.Erən, öz növbəsində, qısa zamanda Fond tərəfindən görülən işləri rəğbətlə qarşıladığını bildirərək, Fondun türkdilli xalqların zəngin mədəni irsinin, tarixi abidələrinin mühafizəsi istiqamətində gördüyü işlərin önəmini vurğulayıb. O, həmçinin bu kimi mühüm vəzifənin icra olunmasında Fond ilə Bələdiyyə arasında uğurlu qarşılıqlı əməkdaşlığa inandığını ifadə edib. Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihələindən biri olan türk dünyasının tanınmış dramaturqu H.Cavidin “İblis” əsərinin İstanbulda səhnələşdirilməsi üçün artıq məşqlərə başlanıldığı qeyd edilib. Eyni zamanda, əməkdaşlıq çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin konsertinin, həmçinin türk dünyasının mədəni irsinin təbliği istiqamətində sempozium, konfrans, sərgilərin İstanbulda fərqli məkanlarda təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur