Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Oljas Süleymenov ilə görüş keçirildi
Xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Oljas Süleymenov ilə görüş keçirildi
04 oktyabr 2019
16:10
Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonağı salamlayaraq şairin əsərlərinin hər zaman Azərbaycanda böyük sevgi ilə qarşılandığını və mübarizəyə, eləcə də Dağlıq Qarabağla bağlı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə öz dəstəyini nümayiş etdirdiyini bildirib. G.Əfəndiyeva türkdilli xalqların ortaq tarixə, mədəniyyətə, adət-ənənələrə malik olduqlarını qeyd edərək deyib ki, yazıçının əsərləri tək Qazaxıstana deyil, bütövlükdə türk dünyasına xas xüsusiyyətləri, mənəvi dəyərləri özündə ehtiva edir.
Görkəmli qazax yazıçısı Oljas Süleymenov öz növbəsində yüksək inkişaf dinamikasında olan Azərbaycanın günü-gündən tərəqqi etdiyini, çiçəkləndiyini qeyd edib. Türkdilli xalqlar arasında həmrəyliyin çox mühüm bir yer tutduğunu bildirən şair, Fondun bu əlaqələrin gücləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. O, həmçinin Fondla olan əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsindən məmnun olacağını ifadə edib.
Daha sonra qonaqlarla birgə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun videoçarxı izlənilib və görkəmli yazıçının bununla bağlı fikirləri dinlənilib. Görüşdə Türk Şurasının Baş Katibinin müavini Qismət Gözəlov və Qazaxıstandan gələn qonaqlar da iştirak ediblər.
Oljas Süleymenov öz imzalı kitablarını Fonda bağışlayıb.