“Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” beynəlxalq forumu keçirildi
Xəbərlər
“Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” beynəlxalq forumu keçirildi
15 may 2019
13:34
Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun himayədarlığı ilə Beynəlxalq Türk Akademiyasının (TWESCO) “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” adlı beynəlxalq forumu keçirilib.
İki gün davam edən foruma Beynəlxalq Türk Akademiyasına üzv ölkələrdən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Macarıstanla yanaşı, Özbəkistan, ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Hollandiya və digər ölkələrdən 70-dən artıq alim, tədqiqatçı və dövlət xadimləri qatılıb.
Azərbaycan nümayəndə heyətində ölkəmizdən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov, Macarıstandakı səfirimiz Vilayət Quliyev, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev yer alıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı çıxış edərək Böyük Çölün tarixi və əhəmiyyəti haqqında məlumat verib.
UNESCO-nun Baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko forum iştirakçılarını qurumun rəhbəri adından salamlayıb və foruma uğurlar diləyib. O, UNESCO yanındakı Azərbaycan daimi nümayəndəliyinə forumun təşkilinə verdiyi töhfəyə görə təşəkkür edib.
Ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda “Böyük Çöl: onun mədəni mirası və dünya tarixində rolu” kimi aktual mövzuya həsr edilmiş forumun UNESCO-nun himayədarlığı ilə qurumun mənzil-qərargahında keçirilməsinin türk etnosunun qədim tarixinin, türkdilli xalqların bəşər sivilizasiyasında misilsiz rolunun təbliği baxımından xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Forum çərçivəsində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə
həsr olunmuş tədbirin keçirilməsinin məmnunluq doğurduğu, klassik Azərbaycan poeziyasında ictimai-fəlsəfi fikir tariximizdə şairin müstəsna yeri nəzərə alınaraq 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğu diqqətə çatdırılıb.
Forumun panel müzakirələrində müxtəlif ölkələrdən olan tədqiqatçılar Böyük Çölün əhatə etdiyi türkdilli xalqların tarixi, mədəniyyəti, dünya mədəniyyəti xəzinəsinə töhfələri ilə bağlı fikirlərini bölüşüblər. Müzakirələr zamanı “Türk tarixi” xəritəsi təqdim olunub.Türkiyə və Qırğızıstanın Fransadakı səfirləri, Beynəlxalq türk Akademiyasının prezidenti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti çıxış edərək Forumun əsas məqsədləri haqqında məlumat veriblər. Bildirilib ki, Forum işini üç paneldə türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələrin elmi müzakirələri ilə davam etdirəcək.