Ka’ Foskari Universitetində “Nəsimi günləri” adlı tədbir keçirildi

Xəbərlər

Ka’ Foskari Universitetində “Nəsimi günləri” adlı tədbir keçirildi

11 dekabr 2019 12:35
“Nəsimi günləri” Ka’ Foskari (Ca’ Foscari) Universitetində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycanın İtaliyadakı səfirliyi və Ka’ Foskari universitetinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdən əvvəl Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə Ka’ Foskari Universitetinin rektoru Michele Bugliese arasında görüş keçirilib. Görüşdə Fond ilə universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub. Rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri haqqında məlumat verən G.Əfəndiyeva, Fondun layihəsi olan müxtəlif universitetlərdə Türk Dünyası Mərkəzlərinin yaradılmasından bəhs edib. Bu xüsusda Ka’ Foskari Universiteti ilə də əməkdaşlığın mümkünlüyünü bildirib. Görüşdə tərəflər arasında gələcək əməkdaşlığa dair razılıq əldə olunub. Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Ka’ Foskari Universitetində azərbaycanşünaslıq fəaliyyətinin rəhbəri professor Karlo Frappi, İtaliyanın tanınmış türkoloq alimi Can Piero Bellinceri, Azərbaycanın Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəis müavini Aliyə Ağazadə çıxış edərək dahi Azərbaycan şairi İmadəddin Nəsiminin zəngin ədəbi irsi, onun Azərbaycan ədəbiyyatındakı mühüm rolu, şairin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar. Günay Əfəndiyeva dahi şairin 650 illiyinin qeyd olunması və “Nəsimi ili” ilə bağlı Azərbaycanda görülən işlər barədə məlumat verib, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun məqsəd və fəaliyyətindən söz açıb. Bədii hissə ilə davam edən tədbirdə öncə Fond tərəfindən ərsəyə gəlmiş dahi şairin həyat və yaradıcılığını əks etdirən “Əbədi eşq günəşi” adlı sənədli film nümayiş olunub. Tədbir Azərbaycanın Xalq artisti Mehriban Zəkinin ifasında və professor Can Piero Bellincerinin şərhləri ilə Nəsiminin bir sıra şeirlərinin bədii-musiqili kompozisiya formasında təqdimatı ilə yekunlaşıb. Tədbirdə universitetin müəllim-tələbə heyəti, şəhərin elmi, akademik, mədəniyyət dairələrinin nümayəndələri iştirak ediblər.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur