“Nəsimi və intibah ideyaları” adlı elmi konfrans keçirildi

Xəbərlər

“Nəsimi və intibah ideyaları” adlı elmi konfrans keçirildi

11 oktyabr 2019 14:49
Oktyabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) görkəmli mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Nəsimi və intibah ideyaları” adlı elmi konfrans keçirilib. Tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Azərbaycan Dillər Universitetinin iştirakı ilə reallaşıb. ADU-nun rektoru, akademik Kamal Abdulla çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. “Nəsimi ili” çərçivəsində ölkəmizdə silsilə tədbirlərin keçirilməsinə diqqət çəkən K.Abdulla deyib ki, rəhbərlik etdiyi ali təhsil ocağında Nəsimi yaradıcılığına həsr olunmuş çoxsaylı tədbirlər reallaşdırılıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin bu ili “Nəsimi ili” elan etməsi, bu böyük şəxsiyyətin yaradıcılığını, xalqımıza verdiyi böyük töhfələri yenidən dərk və təhlil etmək üçün fürsət yaradıb. “Xalqımızın tarixində böyük mütəfəkkirlər, ədiblər olub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrildi. O vaxt Nəsimiyə heykəl də qoyuldu, film də çəkildi, elmi işlər yazıldı, kitablar çap edildi”, - deyə K.Abdulla söyləyib. Rektor bildirib ki, görülən işlərin nəticəsində Nəsiminin adı nəinki ölkəmizin daxilində, hətta beynəlxalq arenada da uca tutulub, yaradıcılığı ilə dünya ictimaiyyəti tanış olub. Bu mənada “Nəsimi ili” xalqımızı daha dərin qatlarda və geniş miqyasda tanınma imkanı yaradır. Qeyd edilib ki, Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan, hürufiliyin aparıcı simalarından biri, əvəzsiz şair İmadəddin Nəsimi öz yaradıcılığı ilə tolerantlığı və multikulturalizmi təbliğ edib. Onun bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu var. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək bildirib ki, rəhbəri olduğu qurum bu ilin əvvəlində Azərbaycan Dillər Universiteti ilə imzaladığı müqavilə çərçivəsində birlikdə çoxsaylı tədbirlər keçirib. Bu konfransın da həmin tədbirlərin tərkib hissəsi olduğunu deyən G. Əfəndiyeva, bu əməkdaşlığın gələcəkdə daha da məhsuldar olacağına əminliyini ifadə edib. Tədbirin önəmini qeyd edən G. Əfəndiyeva söyləyib ki, konfrans yaxın günlərdə Bakıda təşkil ediləcək “Naxçıvan müqaviləsi”nin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində gerçəkləşən tədbirlərin davamıdır. “Mən çox şadam ki, bugünkü tədbir Nəsimi yaradıcılığına həsr edilib. Sabah burada növbəti tədbiri keçirəcəyik. Sabahkı tədbirimiz Dədə Qorquda həsr olunub. Bununla bağlı elmi müzakirələrin keçiriləcəyi də nəzərdə tutulur”, - deyə G.Əfəndiyeva qeyd edib. Bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu həm ölkə daxilində, həm də ölkə xaricində Nəsimi yaradıcılığına həsr olunmuş bir çox tədbirlər təşkil edib. “Nəsimi ili”nin əhəmiyyəti barədə danışan G.Əfəndiyeva vurğulayıb ki, ölkə başçısının müvafiq Sərəncamı ilə dahi şairin yaradıcılığının bütün üfüqlərinə işıq salınıb. Şairin yaradıcılığının dünənimiz və bu günümüz üçün birləşdirici dəyər olduğunu deyən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri, şairin bütün türk ədəbiyyatının təkmilləşməsinə töhfələr verdiyini, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoyduğunu söyləyib. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Mövsüm Nağısoylunun, Bakı Dövlət Universitetinin professorları Qəzənfər Paşayev və Cəlil Nağıyevin, türkiyəli professor Fikrət Türkmənin və ADU-nun müəllimi Marko Brinyonenin Nəsiminin həyat və yaradıcılığı, fəlsəfi görüşləri, poeziyası və hürufilik ideyaları ilə bağlı məruzələri dinlənilib.    
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur